Son yeniləmə: 12 Yanvar 2022 14:19
Bayraqdar.info – Dövlət İmtahan Mərkəzi (DİM) bu il keçiriləcək imtahanlarda nəzarətçi qismində iştirak edəcək şəxslər üçün təlimlər keçirir.
DİM-dən bayraqdar.info-ya bildirilib ki, təlimlər ayrı-ayrı rayonlar (şəhərlər) üzrə 15-20 nəfərlik qruplarla həyata keçirilir. Təlimlərdə iştirakçılara imtahanın gedişi – abituriyentlərin sənədlərinin yoxlanılması, öz sıra və yerlərində oturmaları, cavab kartlarının (vərəqlərinin), sual kitabçalarının paylanılmasında diqqət etməli olduqları məqamlar izah edilir. Həmçinin, nəzarətçi protokolunun düzgün doldurulması, abituriyentlərin davranış qaydalarına uyğun hərəkət etməsi, imtahan rəhbərləri ilə koordinasiyalı fəaliyyətin qurulması və imtahan zalının idarə olunma qaydası barədə də məlumatlar verilir.
“Təlimlərdə bunların yaddaşda möhkəmləndirilməsi məqsədilə imtahanın bütün mərhələlərini özündə əks etdirən təqdimat və videorolik nümayiş etdirilir. Həmçinin açıq tipli test tapşırıqlarının cavablarının qeyd olunması və xarici dil fənni üzrə imtahanda “dinləyib-anlama” bacarıqlarının yoxlanılması üçün istifadə olunacaq dinləmə qurğusunun işlədilmə qaydaları nəzarətçilərin diqqətinə çatdırılır.
“Xatırladaq ki, təlimlərə imtahanlarda nəzarətçi qismində ilk dəfə iştirak edəcək şəxslər cəlb olunurlar. Martın 9-dək davam edəcək təlimlər Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları tərəfindən aparılır. Respublikanın bütün şəhər və rayonlarında keçiriləcək təlimlərdə 7 min 362 nəzarətçi-müəllimin də iştirak edəcəyi gözlənilir”, – deyə xəbərdə bildirilir.