Press "Enter" to skip to content

Cəlilabadda növbəti suvarma mövsümünə hazırlıq

Son yeniləmə: 12 Yanvar 2022 09:46

Bayraqdar.info – Cəlilabad rayonunda növbəti suvarma mövsümünə hazırlıq işləri həyata keçirilir.

Bu barədə bayraqdar.info-ya yanvarın 12-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov məlumat verib. O, bildirib ki, işlər Cəlilabad Suvarma Sistemləri idarəsi tərəfindən görülür.

D.Şərifov vurğulayıb ki, tədbirlər planına uyğun olaraq ötən il kanalların lildən təmizlənməsi 100 faiz yerinə yetirilib: “24№-li nasos stansiyanın mexaniki kanalında, 500 metr betonlama işləri görülüb ki, bu da suvarma mövsümündə yarana biləcək su itkisini minimuma endirəcək. Bundan başqa cari təmir planında 27 ədəd hidrotexniki qurğu, 2 ədəd nasos stansiya təmir olunub”.

Qeyd edilib ki, Cəlilabad Suvarma Sistemləri İdarəsinin balansında 12 ədəd nasos stansiya var. Onlardan 10 ədədi dizellə, 2 ədədi elektriklə işləyir. Suvarılan torpaqların 4560 hektarı da məhz nasoslar vasitəsilə suvarılır. Rayonda suvarma mövsümündə əhəmiyyətli hesab edilən əsas vasitələrdən biri də su tutarlarıdır. İdarənin balansında olan 3 ədəd su tutarlarında növbəti mövsüm üçün kifayət qədər su toplanıb”.

Məlumat üçün bildirək ki, Cəlilabad Suvarma Sistemləri İdarəsinin balansında 11310 hektar suvarılan sahə mövcuddur. Bu sahələrin 7083 hektarı taxıl, 1150 hektarı üzüm, 738 hektarı yem bitkiləri, 150 hektarı pambıq, 220 hektarı həyətyanı sahə, 1969 hektarı isə meyvə tərəvəz və bostan bitkilərindən ibarətdir. Ötən 2021-ci ildə 11310 hektar sahədə 2,2 dəfə olmaqla ümumilikdə 24882 hektar sahələrin suvarılması aparılıb.

Mission News Theme by Compete Themes.