Son yeniləmə: 12 Yanvar 2022 10:38
Bayraqdar.info – Ermənistan son günlər Azərbaycanın Kəlbəcər rayonu istiqamətində təxribatlarını davam etdirir. Baş verən təxribatlar nəticəsində Azərbaycanın bir hərbi qulluqçusu şəhid olub. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi baş verən hadisələri pisləyən açıqlama verib. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) isə məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb.
Ombudsman Aparatının mətbuat xidmətindən bayraqdar.info-ya bildirilib ki, Səbinə Əliyevanın beynəlxalq təşkilatlara ünvanladığı müraciətdə deyilir:
“Təəssüflə bildiririk ki, Ermənistan silahlı qüvvələri yanvarın 11-i günorta saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribat törədib. Qarşı tərəfin snayper silahından açdığı atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.
“Tərəflər arasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması haqqında 2020-ci il 10 noyabr və 2021-ci il 26 noyabr tarixli üçtərəfli bəyanatların müddəalarına zidd olan, fundamental insan hüquqlarının pozulmasına yönəlmiş bu kimi təxribatçı əməllərin törədilməsini kəskin şəkildə pisləyir, Ermənistandan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmət etməyi tələb edirik.
“Beynəlxalq və regional təşkilatları, xarici ölkələrin Ombudsman və milli insan hüquqları təsisatlarını Ermənistanın regionda törətdiyi insan hüquqları pozuntularına münasibət bildirməyə, dayanıqlı sülhün və inkişafın təmin edilməsinə təhlükə yaradan bu kimi əməllərindən çəkindirilməsi istiqamətində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun qəti tədbirlər görməyə çağırıram”.