Bayraqdar.info – Çin Sincan adlandırdığı bölgə – Doğu Türküstandakı mədəni soyqırımı dayandırmır. Çin uyğurlara qarşı təzyiq siyasətini davam etdirir. ABŞ-ın “The Atlantic” dərgisində dərc olunan məqalədə Pekinin 1 milyona yaxın uyğuru “əmək düşərgələrindən” keçirdiyi bildirilib. Buna etiraz olaraq uyğurlar BMT-nin ofisi qarşısında Çin əleyhinə “Qara gün” aksiyası keçiriblər.
Amerikan nəşrində bunlar yer alıb: “Uyğurlara qarşı hədəf yalnız düşərgələrlə məhdudlaşmır. 2016-cı ildən bəri onlarla məzarlıq və dini məkan dağıdılıb. Sincan məktəblərində çin dilinin xeyrinə uyğur dili qadağan edilib. İslam dininə etiqad edən, üstünlük təşkil edən uyğur inancı “ekstremizmin əlaməti” kimi gözdən salınıb”.
Məqalə müəllifi yazıb ki, mövcud şəraitdə uyğurların haqlarını və mədəniyyətini qorumaq yükü ölkədən kənarda yaşayan uyğurların üzərinə düşüb. Müxtəlif ölkələrdə yaşayan uyğurların üzərinə düşən yük onların vətənlərində baş verənləri beynəlxalq aləmə yaymaqdır.
Müəllif İngiltərə, Fransa, Türkiyə və ABŞ-da yaşayan uyğurlardan müsahibə alıb. Onların hamısı uyğur irsinin gələcək nəsillərə ötürülməsini təmin etmək üçün fəallıq göstərir.
Vaşinqtonda yerləşən Uyğur İnsan Haqları Layihəsinin rəhbəri Ömər Kanat müsahibəsində deyib: “Hər bir uyğur indi çox böyük psixoloji təzyiq altındadır. Gecələr yata bilmirik”.
Qurumun məlumatına görə, yüzlərlə tanınmış uyğur mədəniyyət xadimi, o cümlədən müğənni, musiqiçi, romançı, alim və akademik 2017-ci ildən bəri saxlanılıb, həbs edilib və ya yoxa çıxıb.
Xəbəri “Atlas” Araşdırmalar Mərkəzi hazırlayıb.