Press "Enter" to skip to content

Zəfər soraqlı 26 stansiya

Bakı metrosu

Son yeniləmə: 11 Yanvar 2022 13:18

Bayraqdar.info – “2021-ci il Bakı metropoliteninin sayca 26-cı, Bənövşəyi xəttin isə 3-cü stansiyasının istismara verilməsi ilə yaddaqalan oldu. 2020-ci ilin oktyabrında metropolitendə sərnişindaşıma fəaliyyətinə qoyulmuş məhdudiyyət 2021-ci ilin may ayının son günündə ləğv edilərkən, metropoliten 26 stansiya ilə xidmət göstərməyə başlayıb”. Bu sözlər yanvarın 11-də bayraqdar.info-ya Bakı Metropoliteninin Mətbuat xidmətindən bildirilib.

“2020-ci ildə Vətən müharibəsində qazanılan şanlı Zəfər günü şərəfinə “8 Noyabr” adlandırılan Bənövşəyi xəttin 3-cü stansiyası may ayının 29-u istifadəyə verilib. İki gün sonra isə sərnişindaşıma məhdudiyyəti aradan qaldırıldığından bu stansiya da ilk sərnişinlərini qəbul etməyə başladı.

“Stansiyanın adının təşəbbüsünü də 2020-ci ildə Vətən müharibəsində qazandığımız şanlı Zəfərin memarı, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev verib. 2020-ci ilin dekabrında Nazirlər Kabineti bu barədə Qərar imzalayıb.

“Bu stansiyada da 2016-cı il aprel ayının 16-sı müstəqil Azərbaycanın ilk metro xəttinin – Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının davamı kimi ən müasir texnologiyalar tətbiq edilir. 7-vaqonluq hərəkət tərkibləri üçün nəzərdə tutulmuş stansiyanın platforması 144 metr, stansiya kompleksinin uzunluğu isə 363 metrdir. 3 səviyyədən ibarət, 17 eskalator, fiziki imkanları məhdud sərnişinlər üçün 3 liftlə təchiz edilmiş stansiyanın arxasında qatarların yolu dəyişərək əksinə hərəkət etməsi üçün 194 metrlik keçid kamerası da inşa olunub. Yeni tipli yoldəyişdirici qurğu isə qatarların daha çevik və sürətlə bir yoldan digərinə verilməsini təmin edir. Bununla xətt boyunca qatarların intervalını tələbatdan asılı olmaraq dəyişməyə, hərəkət intensivliyini artırmağa imkan verir”, – deyə Metropolitenin xəbərində bildirilib.

Mission News Theme by Compete Themes.