Press "Enter" to skip to content

TRT-nin Bakı ofisinin bağlanması xəbəri əsassızdır

TRT-nin Ankaradakı mərkəz binası

Son yeniləmə: 11 Yanvar 2022 15:16

Azərbaycan əhalisinə pullu TV kanallar paketi, rəqəmsal efir yayım xidmətləri təqdim edən televiziya operatorları, şirkət və qurumlar TRT1-i peyk yayımı kanallarının siyahısına daxil etməlidir

Bayraqdar.info – 2022-ci ilin yanvar ayından etibarən TRT1 televiziya kanalının Azərbaycan ərazisində yerüstü yayımı dayandırılıb. Bu, TRT rəhbərliyinin qərarıdır.

Mətbuatda gedən xəbərlərdən də bəlli olduğu kimi bununla bağlı Türkiye Radyo Televizyon Kurumu Genel Müdürlüğünün Bakı Bürosu tərəfindən Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinə (“Teleradio” İB) 13 avqust 2021-ci il tarixində müvafiq məktub daxil olub.

“Teleradio” İB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məktubda TRT1 TV kanalının Azərbaycan ərazisində kabel TV şəbəkələri və internet üzərindən yayımı yetərli hesab edilib. Bu baxımdan onsuz da ciddi tələbatı olmayan yerüstü yayımın məqsədəuyğun hesab olunmadığı və TRT1-in bunun 2022-ci ildən etibarən dayandırılması xahiş edilib.

Qeyd olunan əsasla və Milli Televiziya və Radio Şurasının razılığı ilə 5 yanvar 2022-ci il tarixindən etibarən “Teleradio” İB tərəfindən Azərbaycan ərazisində TRT1-in yerüstü yayımı dayandırılıb.

Əslində TRT1-in bu qərarı kifayət qədər anlaşılandır. Çünki artıq Azərbaycan əhalisinin böyük əksəriyyəti yerüstü antenalardan istifadə etmir. Ölkədə ya kabel TV, ya da peyk antenalarından istifadə olunur. Belə olan təqdirdə, yəni faktiki olaraq zərurət olmadığı üçün yerüstü yayıma ehtiyac da qalmır. Eyni zamanda, təkcə Aəzrbaycanda deyil, ümumilkdə dünyanın hər yerində artıq yerüstü yayım yerini kabel, IPTV və peykə verir.
Onu da qeyd edək ki, Azərbaycanda TRT-nin bütün kanalları əlçatandır. Ümumiyyətlə Azərbaycan tamaşaçılaırnın daha çox izlədiyi kanal kimi TRT1 ölkədə böyük marağa sahibdir.

Bir məqamı da vurğulamağı özümüzə borc bilirik. Yəqin ki, ölkə əhalisinə pullu TV kanallar paketi, rəqəmsal efir yayım xidmətləri təqdim edən televiziya operatorları, şirkət və qurumlar tez bir zamanda o paketlərində TRT1-i aktiv edəcəklər. Çünki bu günə kimi həmin şirkətlər TRT1-i yerüstü yayım edən kanallar siyahısında verirdilər. Lakin artıq yerüstü yayımı dayandırıldığı üçün şirkətlər vaxt itirmədən onu peyk yayımı kanallarının siyahısına daxil edib abunəçilərini çox da intizarda qoymamalıdırlar.

Sonda qeyd edək ki, belə bir durum bəzi şəxslərin TRT-nin Bakı ofisinin bağlanması haqqında şayiə uydurmasına səbəb olub. Ofisdən bayraqdar.info-ya bildiriblər ki, bu xəbərin heç bir əsası yoxdur. Əksinə, TRT Azərbaycanda fəaliyyətini daha da genişləndirməkdə və qardaş ölkənin informasiyalarının yayılmasına öz töhfəsini verməyə davam etməkdə qərarlıdır.

Mission News Theme by Compete Themes.