Bayraqdar.info – Qarabağdakı Rusiya sülhməramlılarının komandanı yenə də dəyişir. Bu haqda xəbəri Sputnik Armenia yanvarın 11-də özünün mənbələrinə əsasən yayıb.
Xəbərdə deyilir ki, Qarabağdakı sülhməramlılara general-mayor Andrey Volkov başçılıq edəcək.
O da bildirilir ki, komandanlığın dəyişməsi plan üzrə gerçəkləşdirilir.
A.Volkov 2020-ci ilin noyabrından 2021-ci ilin mayına qədər Qarabağdakı sülhməramlılara komandanlıq etmiş general-leytenant Rüstəm Muradovun müavini olub.
Hazırda A.Volkov Rusiya Güney Hərbi Dairəsində vəzifə başındadır və Qarabağa ezam edilir.
Əlavə edək ki, 2021-ci ilin sentyabrından Qarabağdakı sülhməramlılara general-leytenant Gennadi Anaşkin başçılıq edir.