Son yeniləmə: 11 Yanvar 2022 16:41
Bayraqdar.info – “Media sahəsində Azərbaycan-Türkiyə əlaqələrinin daha da gücləndirilməsi yönündə önəmli addımlar atılıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) mediaforumu çərçivəsində Türkiyə-Azərbaycan Ortaq Media Platformasının ilk iclası keçirilib. Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi ilə keçirilən görüşdə iki ölkənin media və kommunikasiya sahələri üzrə rəsmi şəxslərlərindən ibarət nümayəndə heyətləri iştirak ediblər.
“Türk Şurasına üzv dövlətlərin KİV nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş bölgələrinə səfərlərii təşkil edilib. Bu missiyada Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Serbiya, Bosniya və Herseqovinadan olan 20-dən çox jurnalist təmsil olunub”.
Bu məlumat Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) 2021-ci ilə aid hesabatında yer alıb.
Hesabatda bildirilir ki, 2021-ci ildə Trend” İnformasiya Agentliyi və Türkiyənin “Albayrak Media Group”unun birgə yaratdığı “TURKİC.World” (Türk Dünyası) adlı ilk rəqəmsal layihənin təqdimatı olub. Milli media məkanında peşəkarlığın artırılması yönündə həyata keçirilən sistemli fəaliyyət də diqqət mərkəzində olub. MEDİA Agentliyi ADA Universiteti ilə birgə media peşəkarlığı müstəvisində çoxsaylı proqramalar hazırlayaraq, icra edib. Bu sırada “Mediada islahatlara doğru” mövzusunda keçirilən seminar, “Jurnalistlərin münaqişə zonasında davranışları: Təhlükəsizlik və mühafizə qaydaları” mövzusunda təlimlər və digər tədbirlər müsbət dəyərləndirilib.
“Bundan başqa, COVİD-19 pandemiyasının təsirləri 2021-ci ildə də özünü göstərib. Monitorinqin nəticələrinə görə, jurnalistlər arasında yoluxanların sayı 288 nəfərə yaxın olub (2020-ci ildə 117 nəfər olmuşdu ). Bununla da 2020 və 2021-ci illərdə yoluxanların ümumi sayı 405 nəfərə çatıb. COVİD-19-a yoluxma səbəbindən həyatını itirən jurnalistlərin sayı 2021-ci ildə 8 nəfər olub (2020-ci ildə də 8 nəfər olub). Bununla da 2020 və 2021-ci illərdə koronavirusdan həyatını itirən jurnalistlərin ümumi sayı 16 nəfərə çatıb”, – deyə hesabatda bildirilir.
Həmçinin, hesabatda o da qeyd edilir ki, Tibbi Ərazi Birliklərinin İdarəetmə Birliyi (TƏBİB) Mətbuat Şurasının müraciətini nəzərə alaraq, jurnalistlər üçün növbədənkənar peyvəndləmə kampaniyasını həyata keçirib. Kampaniya çərçivəsində 800 nəfərdən çox jurnalistə növbədənkənar peyvəndləmə həyata keçirilib.