Son yeniləmə: 11 Yanvar 2022 09:25
Türkiyə Balkanlarda, Qafqazda, Yaxın Şərqdə, Mərkəzi Asiyada, Afrikada sülh və sabitliyin təmin edilməsində rolunu davam etdirmək əzmindədir
Bayraqdar.info – Türkiyə Cümhurbaşqanlığı sözçüsü İhrahim Kalınla ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan arasında telefon danışığı olub.
TRT Haberin verdiyi xəbərə görə bu telefon danışığı zamanı iki ölkə arasında siyasi və iqtisadi əlaqələr, həmçinin müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Vurğulanıb ki, qlobal və regional məsələlər çərçivəsində Ukrayna böhranı, Qazaxıstandakı etirazlar, Ermənistanla normallaşma prosesi, Əfqanıstan, Bosniya-Herseqovina və Efiopiyadakı proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Türkiyə ilə ABŞ arasında razılaşdırılmış ortaq strateji mexanizmin detalları və mövzuları da müzakirə edilib.
Telefon danışığı zamanı Ukrayna böhranının dialoq və əməkdaşlıq yolu ilə həll edilməli olduğu, Türkiyənin bu istiqamətdə hər cür dəstək verməyə hazır olduğu bildirilib. Türkiyənin Ukraynanın ərazi bütövlüyünün qorunmasına verdiyi önəm vurğulanıb.
Məlumata əsasən, Qazaxıstanda baş verən hadisələrin tez bir zamanda sabitləşməsinin regionun sülh və sabitliyi üçün vacib olduğu qeyd edilib. Türk Dövlətləri Təşkilatının bu məsələ ilə bağlı cəhdlərində bəhs olunub.
Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin, o cümlədən Azərbaycan ilə Ermənistan arasında əbədi sülhün əldə edilməsinin regionun sabitliyi və rifahına verəcəyi töhfələr nəzərdən keçirilib.
Telefon danışığı zamanı Türkiyənin Balkanlarda, Qafqazda, Yaxın Şərqdə, Mərkəzi Asiya və Afrikada sülh və sabitliyin təmin edilməsində rolunu davam etdirmək əzmində olduğu xüsusi olaraq vurğulanıb.