Son yeniləmə: 11 Yanvar 2022 15:00
Bayraqdar.info – “8 Noyabr” stansiyası ilə bərabər bütün Bənövşəyi xətt boyunca ilk dəfə qatarların avtomatik hərəkət qrafiki tətbiq edilir. Bu isə burada tətbiq edilən ən müasir idarəetmə sistemlərinin daha bir tərkib hissəsidir. Bənövşəyi xətdə SCADA – Müşahidə nəzarəti və məlumatların alınması şəbəkəsi qurulub, TETRA – müasir radiorabitə sistemi tətbiq edilib. Gələcəkdə qatarların radiodalğalarla idarə olunmasını (CBTC) nəzərdə tutan sistemin tətbiqinin mühüm mərhələsi olan mikroprosessor mərkəzləşməsi Bənövşəyi xətdə, o cümlədən “8 Noyabr”da təmin olunub”. Bu sözlər yanvarın 11-də Bakı Metropolitenindən bayraqdar.info-ya verilən xəbərdə əks olunub.
Xəbərdə bildirilir ki, “Elmlər Akademiyası” stansiyasında yerləşən Bakı Metrosunun inzibati binasında ən müasir şərait və idarəetmə funksiyalarını özündə ehtiva edən vahid dispetçer mərkəzi qurulur.
“Bu sistemlər “Thales” şirkəti ilə əməkdaşlıq şəraitində qurulur. Bu şirkətlə əməkdaşlıq çərçivəsində Bənövşəyi xəttin 22 hektarlıq ərazidə yerləşən və perimetr boyunca ümumi uzunluğu 2 min 400 metr hasarla əhatə edilən Xocəsən qəsəbəsində inşa olunan deposunda müasir sistemlər qurulacaq. Deponun inşasının birinci mərhələsi 2022-ci ildə yekunlaşacaq. Burada depo yollarının ölkənin dəmiryol xəttinə birləşməsi ilə yanaşı, qatarların texniki baxışı, qulluğu, xidməti və ən əsası, təmiri üçün müvafiq şəraiti olacaq sex, təsərrüfat qatarlarının müvəqqəti dayanacaq və qulluq yeri olacaq yük yeri, yeni tipli elektrik yarımstansiyası, qatarların hərəkətinin idarəetmə mərkəzi və digər infrastruktur sahələri qurulur. Ərazidə hazırda qatarların hərəkətini təmin edən sistemlər də qurulur”, – deyə xəbərdə bildirilir.