Son yeniləmə: 11 Yanvar 2022 14:10
Bayraqdar.info – “Azərbaycan jurnalistlərinin əmək haqqı, orta aylıq gəlirlər sahəsindəki durumun monitorinq nəticələrinə görə Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) aşağıdakı rəqəmləri əldə edib.
“Rəyi soruşulanlardan: 54 faizi aylıq gəlirlərinin 700-1000 manat, 31 faizi aylıq gəlirlərinin 500-700 manat, 15 faizi isə aylıq gəlirlərinin 250-500 manat civarında olduğunu bildiriblər. Əmək haqqı sahəsində aşağı göstəricilər daha çox regional KİV-lərdə qeydə alınıb. Sorğu iştirakçıları qeyd ediblər ki, region KİV-ləri təkcə əmək haqqı, maliyyə-iqtisadi baxımdan deyil, digər çətinliklərlə də üzləşirlər. Regional KİV-lərlə bağlı xüsusi proqramın hazırlanması təklifləri səsləndirilib”.
Bayraqdar.info xəbər verir ki, bu məlumat JuHİ-nin 2021-ci ilin yekunlarına həsr olunmuş hesabatlnda yer alıb.
JuHİ media sahəsində 2021-ci ildə diqqət çəkən hadisə və tendensiyalara toxunub.
“Prezident İlham Əliyevin müvafiq Fərmanına uyğun olaraq 2021-ci ildə Azərbaycan media industriyasında struktur, kadr və qanunvericilik islahatları davam edtirilib. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ləğv edilib, “Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb. “Media haqqında” yeni qanun layihəsi işlənib hazırlanıb. Layihə Milli Məclisdə üçüncü oxunuşda təsdiq edilib.
“Dövlət və hökumət təmsilçilərinin sosial media müstəvisində aktivliyi, auditoriya ilə interaktiv münasibətləri, KİV-lərlə təmasları intensiv olaraq davam edib. Bu dönəmdə Prezident İlham Əliyevin həm milli, həm də transmilli KİV-lərlə canlı təmasları intensiv olub. Prezidentin köməkçisi Hikmət Hacıyevin, bir sıra nazirlərin, komitə və şirkət rəhbərlərinin KİV təmsilçiləri ilə vasitəsiz görüşləri xarakterik hal alıb.
“2021-ci ildə “Azərbaycan” nəşriyyatına yeni baş direktor təyin edilib. Müvafiq Sərəncama əsasən, Ağabəy Əsgərov “Azərbaycan” nəşriyyatının baş direktoru vəzifəsindən azd edilib, Leyla Güləliyeva direktor vəzifəsinə təyin edilib.
“Həmçinin, Milli Məclis “Kağız məhsullarının idxalının və satışının ƏDV-dən azad olunmasına dair” təkliflərin reallaşdırılması üçün Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi yönündə müzakirələrə başlayıb. Bu, çap media subyektlərinin durumuna müsbət təsir edən mühüm addımlardan biri kimi dəyərləndirilib.
“Ötən il “Space” TV-nin rəhbəri Vaqif Mustafayev tutduğu vəzifədən istefa verib. Müşfiq Hətəmov “Space” TV-nin rəhbəri təyin edilib”, – deyə JuHİ-nin hesabatında bildirilir.