Press "Enter" to skip to content

18 nəfər “jurnalist” barəsində hüquqi ölçü götürülüb

Jurnalist

Son yeniləmə: 11 Yanvar 2022 17:52

Bayraqdar.info – “Ermənistanın yaratdığı gərginlik fonunda azərbaycanlı jurnalistlərin ciddi insidentlərlə üzləşməsi halları davam edib. 2021-ci ildə bu səbəbdən Azərbaycanın 2 media işçisi- AzərTAc-ın əməkdaşı Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışov -Kəlbəcər rayonu ərazisində minaya düşərək həyatlarını itiriblər. 22 iyul – Milli Mətbuat günündə Prezident İlham Əliyev hər iki şəhid jurnalistin ailələrinə mənzillər hədiyyə edib.

“Jurnalistlər üçün tikilən 3-cü binanın Şəhid ailələrinə verilməsi ilə bağlı təşəbbüs gündəmə gətirilib. Bu məqsədlə Prezidentə müraciət edilib. Müraciəti 38 nəfər KİV, jurnalist təşkilatı və QHT rəhbəri imzalayıb. Təşəbbüs birmənalı qarşılanmayıb. 132 nəfər jurnalist bu təşəbbüsün əleyhinə çıxıb. Mövzu qərar verilməmiş saxlanılıb”. Bu sözlər Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) 2021-ci ilə aid hazırladığı illik hesabatdandır.

Hesabatda həmçinin o da bildirilir ki, 2021-ci ildə KİV-dən sui-istifadə hallarına qarşı mübarizə tədbirləri intensivləşdirilib. 2021-ci ildə özünü jurnalist, KİV qurumu işçisi kimi tədim edərək sui-istifadə hallarına yol verən, şantaj, hədə yolu ilə vətəndaşlardan qanunsuz vəsait tələb edən şəxslər hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq barələrində hüquqi ölçü götürülüb. 2021-ci ildə bu hallar üzrə barələrində hüquqi ölçü götürülən “KİV” və “jurnalistlərin” sayı 18 nəfər olub. Bu sırada “Bəyaz TV” adlı Youtube kanalının, “Cia.az” informasiya portalının, “Azadinfo.az” MMC-nin, “Xəbər kanalı” səhifəsinin, “Ltv -7” xəbər kanalının, şəhid ailələrindən “çəkiliş aparmaq” adı ilə maddi vəsait alan “İnform Xəbər TV”nin (Azər Kazımov, Rübabə Vəliyeva), “www.sheffaf.az” xəbər portalının, “www.azinfo.tv”-nin və digərlərinin (ümumilikdə 18 KİV qurumu) adları xüsusilə diqqət çəkib”.

Bundan başqa, “Qərb bölgəsi press” adlı qəzetin təsisçisi Bəxtiyar Əliyev isə Aslanov Vasif Elman oğlu tərəfindən qətlə yetirilib. Rəsmi məlumatda qeyd edilib ki, Vasif Aslanov Bəxtiyar Əliyevi KİV adından şantaj əməlləri ilə məşğul olduğuna, onu şantaj etdiyinə görə qətlə yetirib.

“2021-ci ildə ümumrespublika yayımlı KİV qurumlarından biri – Lider TV – öz fəaliyyətini dayandırıb. Bakı Kommersiya Məhkəməsi Lider televiziyasının müflis elan edilməsi ilə bağlı iddianı təmin edib. Bağlanan anda Lider TV əməkdaşlarının sayı təqribən 224 nəfər göstərilirdi.

“2020-ci ildə 5 yeni onlayn KİV qurumu fəaliyyətə başlayıb.

“Adları beynəlxalq təşkilatların hesabatlarında həbsdə olan jurnalistlər kimi hallandırılan şəxslərdən bir qismi 2021-ci ildə sərbəst buraxılıblar və ya üzərlərindən şərti məhkumluq götürülüb. “Azadlıq” qəzetinin həbsdə olan bölgə müxbiri Elçin İsmayıllı Prezident İlham Əliyevin martın 18-də imzaladığı sərəncamla əfv edilib. “Bakupress” İnformasiya Agentliyinin həbsdə olan rəhbəri Şəfəq Ağacan (Ağabalayeva) da azadlığa çıxıb. Jurnalist Elçin Həsənzadə isə həbs cəzasını tam çəkdikdən sonra azadlığa çıxıb.

“2021-ci ildə bəzi rəsmi qurumlar tərəfindən jurnalistlərin informasiya almaq hüququnu zorakılıqla məhdudlaşdırma halları da qeydə alınıb. Dövlət Sərhəd Xidməti Mətbuat Xidmətinin rəhbəri mayor Rövşən Cahangirovun “Baku TV”nin əməkdaşlarına qarşı fiziki təzyiq göstərməsi ciddi tənqidlə qarşılanıb.

“Yazdıqları yazılara görə “Yeni Çağ” Media Qrupunun əməkdaşı Səxavət Həmidin yüksək məbləğdə cərimələnməsi, “Bumeranq” TV-nin baş redaktoru Elçin Rəhimzadənin uzun müddətli sorğu-sual edilməsi, “Kanal 13″-ün əməkdaşı Əvəz Hafizlinin reportaj hazırladığı anda fiziki zorakılığa məruz qalması media məkanında neqativ hadisələr kimi qeydə alınıb”, – deyə hesabatda bildirilir.

Mission News Theme by Compete Themes.