Press "Enter" to skip to content

102 il öncə bu gün

Yeganə Hacıyeva

Son yeniləmə: 11 Yanvar 2022 16:36

Yeganə Hacıyeva: 11 yanvar 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ilk beynəlxalq diplomatik qələbəsini qazandı

Bayraqdar.info – “Düz 102 il öncə, bu gün əldə edilən uğur Azərbaycanın tarixinə xüsusi olaraq yazıldı. 11 yanvar 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ilk beynəlxalq diplomatik qələbəsini qazandı. Həmin tarixdə Paris Sülh Konfransında ANTANTA Ali Şurası Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü de-fakto tanıdı”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.

Həmin qərarla bağlı fikirlərini bayraqdar.info ilə bölüşən Y.Hacıyeva bu ilk diplomatik qələbənin təsadüfi olmadığını deyib: “Bizim bu ilk diplomatik qələbəmizin təsadüfi olmadığını və yetkin bir xarici siyasət formalaşdıra bilən hökumət üzvlərinin iki il ərzində gərgin zəhməti nəticəsində baş verməsini qeyd etmək istəyirəm. Belə ki, 1918-ci ildən etibarən Azərbaycan diplomatları xaricdə fəal şəkildə siyasi danışıqlar aparmağa, ölkənin tarixi, mədəni, iqtisadi potensialı haqqında məlumatlar yaymağa başladılar. Bu kontekstdə xüsusi olaraq vurğulamalıyıq ki, Paris iclasına qədər nümayəndə heyəti yeni yaranan Azərbaycan dövlətinin əsas milli maraqlarını əks etdirən Memorandumu təqdim etmişdi və sənəddə öz ərazisi, əhalisi, parlamenti, hökuməti və ordusu olan Qafqaz Azərbaycan dövlətinin tam müstəqilliyinin tanınmasını əsaslandıra bilmişdi”.

Politoloq deyib ki, həmin sənəddə Azərbaycan nümayəndə heyətinin sülh konfransının işinə buraxılması, Millətlər Liqasına qəbulu və s. kimi təklifləri əksini tapmışdı: “Yetkin bir dövlət olan Azərbaycanın hökuməti əhalisinin ehtiyacları naminə sənaye mallarının tədarükü üçün xarici dövlətlərlə əməkdaşlığı nəzərdə tutan konsepsiya da hazırlamışdı. Nümunə üçün birini qeyd edim ki, Azərbaycan ABŞ-la xarici siyasətdə öz təbii ehtiyatlarını ABŞ istehsalı olan mallara dəyişdirmək məqsədi ilə diplomatik və iqtisadi əlaqələri bərpa etmək niyyətində idi. Bu, zamanının çox mütərəqqi bir iqtisadi konsepsiyası idi”.

Vurğulanıb ki, Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi sənədlərin tərkibi zəngin idi: “Bura ölkənin müstəqilliyi haqqında sənəd, sərhədləri və xəritəsinin təsviri, iqtisadi vəziyyəti və maliyyəsinin mövcud və prespektiv imkanları haqqında iqtisadi xəritə, əhalinin etnik tərkibi haqqında diaqram, etnoqrafik xəritə və s. kimi məqamları əks etdirən sənədlər daxil edilmişdi”.

Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsi

Y.Hacıyevanın sözlərinə görə, Paris Sülh Konfransına hazırlıq çərçivəsində Azərbaycan nümayəndə heyəti dəfələrlə ANTANTA Ali Şurasına Azərbaycanın dövlət müstəqilliyinin tanınmasının zəruriliyi barədə qeydlər ünvanlamışdı: “1920-ci il yanvarın 10-da ABŞ-ın daxil olduğu ANTANTA Ali Şurası AXC-nin de-fakto müstəqilliyini tanıyan qətnamə qəbul etdi. Şura bu məsələni iki dəfə müzakirə etdi. Bu müzakirələrdə Azərbaycan nümayəndə heyətinin necə gərgin bir vəziyyətdə çalışdığı, yaranmış müstəqil dövlətin müstəqil yaşamaq qabiliyyətini sübut etmək üçün necə gərgin müzakirələr aparması və intizamlı qrup olması barədə tarixi faktlar mövcuddur”.

“Paris sülh konfransından sonra yanvarın 26-da Azərbaycan hökuməti ərzaq yardımı müqabilində neft məhsullarının ixracına dair ABŞ-la ikitərəfli saziş imzaladı. Müqavilənin şərtləri də maraqlı idi. Məsələn, Azərbaycan həftədə ən azı 300 ton neft məhsulları (mazut və buxar lokomotivlərinin qızdırılması üçün kerosin), 1 ton mazut üçün 20 ABŞ dolları və 1 ton ağ neft üçün 35 dollar qiymətinə tədarük etməli idi.

“ABŞ isə öz növbəsində həftədə ən azı iki vaqon buğda ununun 1 tonunu 210 dollar qiymətinə tədarük etməli idi”.

Bildirilib ki, Azərbaycanın müstəqilliyinin dünya dövlətləri tərəfindən de-fakto tanınması Azərbaycan hökumətində de-yure tanınmaya ümid yaratmışdı: “Bu məqsədlə fevralın 25-də Əlimərdan bəy Topçubaşı və nümayəndə heyətinin digər üzvləri Londona səfər etmişdilər. Aprelin 22-də Azərbaycanın de-yure tanınması anlamına gələn, Azərbaycan dövlətinin bir sıra ölkələrdə diplomatik nümayəndə heyətinin yaradılması üçün müqavilə imzalamışdılar. Məsələn ABŞ-ın müxtləif ştatlarında səkkiz diplomatik nümayəndəliyin yaradılması haqqında qanun qəbul olunmuşdu.

“Məhz bu razılaşmalardan sonra aprel ayında Azərbaycanda siyasi vəziyyət son dərəcə gərginləşdi. Sovet Rusiyasının Qırmızı Ordusunun cənuba doğru irəliləməsi nəticədə 1920-ci il aprelin 28-də bolşeviklər Azərbaycanı işğal etdi”.

“Ümumiyyətlə, Azərbaycan gənc dövlət kimi mövcud olduğu iki ilə yaxın müddətdə müstəqilliyinin beynəlxalq ictimaiyyət tərəfindən tanınması istiqamətində kifayət qədər uğurlu fəallıyyət nümayiş etdirib. Amma bunu da etiraf etmək lazımdır ki, o dövrdə bizim uğurumuzun davamlı olmamasının əsas səbəbi Birinci Dünya Müharibəsinin qalib dövlətlərinin yeni dövlətləri tanımaqda lənglik nümayiş etdirməsi və ümumiyyətlə yeni dünya nizamına yanaşması ilə bağlı idi”, – deyə müsahibimiz sonda bildirib.

Mission News Theme by Compete Themes.