Press "Enter" to skip to content

Zaur Bayramlı: Arzumuz budur ki, qardaş Qazaxıstanda daha qan tökülməsin

Zaur Bayramlı

Son yeniləmə: 10 Yanvar 2022 09:49

Bayraqdar.info – “Bu gün Qazaxıstanda baş verənlərə Birləşmiş Ştatların rəsmi mövqeyi bəllidir. ABŞ dövlət katibinin bununla bağlı bəyanatı yayımlandı. Bəlli oldu ki, ABŞ digər oxşar situasiyalarda olduğu kimi Qazaxıstan məsələsinə yanaşmada da ənənəvi mövqedən çıxış edir”.

Bunu hazırda Birləşmiş Ştatlarda yaşayan soydaşımız, ictimai-siyasi fəal Zaur Bayramlı deyib.

bayraqdar.info-ya özəl açıqlamasında okeanın o tayından Qazaxıstan olaylarının necə göründüyünə dair sualı cavablandıran Z.Bayramlı ABŞ ictimaiyyətinin də məsələyə yanaşmasına aydınlıq gətirib: “Amerika ictimaiyyəti bir az susqun təsiri bağışlayır. Bunun da kökündə duran səbəb pandemiyadır. Bildiyiniz kimi hazırda əksər insanlar onlayn işləyirlər. Universitetlər də onlayn dərs keçirlər. Yəni hərə çəkilib öz evinə, hücrəsinə. Belə demək mümkündürsə, sadə vətəndaşların hazırda bəlkə də 99 fazini Qazaxıstanda baş verənlər maraqlandırmır”.

Müsahibimiz qeyd edib ki, bununla belə, keçmiş SSRİ məkanından olan ölkələrdən gəlib, hazırda ABŞ-da yaşayan insanların bir qismi bu olayları yaxından izləyir: “Özü də təkcə izləmir, həm də etirazlarını bildirirlər. Məlum olduğu kimi yanvarın 8-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Ağ Evin qabağında Vaşinqtonda yaşayan qazaxıstanlıların aksiyası keçirildi. Aksiyada “Putin, Qazaxıstandan əlini çək”, “KTMT ordusu Qazaxıstanı tərk etsin”, “Tokayev istefa”, “İnternet bərpa edilsin”, “Biz terrorist deyilik, xalqıq” və sair bu kimi şüarlar səsləndirildi, plakatlar qaldırıldı. Onu da qeyd edim ki, aksiyanın keçirildiyi məkanda, yəni Ağ Evin önündə ukraynalıların da Rusiya əleyhinə aksiyası vardı. Həmin aksiya başa çatandan sonra ukraynalıların çoxusu meydanı tərk etməyərək Ukrayna bayraqları ilə Qazaxıstana dəstəklərini ifadə etdilər. Təbii ki, mən də qızım Banuçiçəklə birgə əlimizdə üçrəngli bayarğımızla o meydanda Qazaxıstana dəstəyimizi ifadə etdik”.

Z.Bayramlı onu da deyib ki, Qazaxıstandakı son olayların bir səbəbi də bu ölkədə siyasi islahatların aparılmaması ilə bağlıdır: “2019-cu ildə Nursultan Nazarbayev prezidentlik postunu Qasım-Jomart Toqayevə ötürəndə mən də sosial şəbəkədə bu addımı dəstəkləyən status yazdım. Düzü ümid edirdim ki, bununla Qazaxıstanda demokratiyaya yumşaq keçid olacaq. Amma təəssüf ki, bu baş vermədi. Əgər N.Nazarbayev atdığı o böyük addımı davam etdirib, demokratiyaya yumşaq keçid edə bilsəydi, yəni demokratik islahatlar həyata keçirilsəydi, yəqin ki, hadisələr indiki acınacaqlı səviyyədə inkişaf etməzdi”.

Müsahibimiz vurğulayıb ki, bu gün Qazaxıstanda baş verənlərin kökündə bir sıra səbəblər, o cümlədən klanlar arasında nüfuz savaşı da dayanır: “Lakin istənilən halda acı reallıq ortadadır. Qazaxıstan KTMT sülhməramlıları adı altında, əslində rus əsgərinin nəzarətinə keçir. Arzumuz budur ki, qardaş Qazaxıstanda daha qan tökülməsin. Ölkədə vətəndaş birliyi, həmrəyliyi əldə edilsin və nahəyət ki, siyasi islahatlar reallaşsın. Siyasi islahatlar reallaşarsa, bu Orta Asiyadakı digər türk cümhuriyyətlərinə də örnək olar”.

Mission News Theme by Compete Themes.