Press "Enter" to skip to content

Qırğızlarla qazaxların arasını vura bilməyəcəklər

Qazaxıstan

Son yeniləmə: 10 Yanvar 2022 12:25

Bayraqdar.info – Yanvarın 2-dən etibarən qardaş Qazaxıstanda baş verən hadisələr bütövlükdə Orta Asiyaya təsir etməkdədir. Durumdan sui-istifadə edib qardaş xalqlar arasında nifaq toxumu səpmək istəyənlər də boş durmur. Onlar Qazaxıstan hadisələrində qırğızların, özbəklərin və taciklərin işirakını “sübut edən” iddiaları sağa-sola tirajlayır. Belə bir durumda istər Qazaxıstanın özündə, istərsə də qonşu ölkələrdə sağlam qüvvələr önə çıxaraq təxribatların qarşısını alır.

Assol Moldokmatova

Xüsusi olaraq Qırğızıstan vətəndaşlarının Qazaxıstan olaylarında iştirakı ilə bağlı kampaniyanın aparılması isə bir başqa məsələdir. Açıq şəkildə görünür ki, bu kampaniyanı aparanların məqsədi iki qardaş xalqı bir-birinə qarşı qoymaqdır. Məhz bunu nəzərə alaraq hər iki ölkənin ictimai fəalları sağlam yanaşma sərgiləyir, arada uçurum yaranmasının qarşısını alırlar. Belə fəallardan biri də Çingiz Aytmatov ad. İssık Kul Forumunun baş katibi, həm Qırğızıstanda, həm də ondan kənarda özünün xoşməramlı fəaliyyətlərilə tanınan Assol Moldokmatovadır.

Bayraqdar.info olaraq A.Moldokmatovadan baş verən olaylar fonunda bir dəyərləndirmə rica etdik.

“Qazaxıstan üçün çətin günlərdir. Hələ də üsyan, talan alovları sönməyib, üçüncü qüvvələr tarixi bağları olan qardaş xalqları bir-birinə qarşı qoymağa çalışır”, – deyə A.Moldokmatova bildirir.

O, daha sonra əlavə edir: “Əminəm ki, ilk baxışdan diqqət cəlb edən siyasi texnoloqların və tayfa davasının ardınca getməmək üçün bizim müdrikliyimiz, ağlımız yetərli olacaq”.

Qırğızıstanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Qazaxıstana sülhməramlılar göndərməsinə də toxunan həmsöhbətimiz ümumi mənzərəni belə təsvir edir: “Əvvəlcə KTMT tərkibində hərbçilərin Qazaxıstana göndərilməsi ilə bağlı mübahisələr oldu. Sonra da Qırğızıstan vətəndaşlarının Qazaxıstanda səbəbsiz yerə həbsləri başladı. Hərbçilərin Qazaxıstana göndərilməsinə qarşı olanlar deyir ki, belə bir addım həm də qardaş xalqla olan xoş, yaxın, doğma münasibətlərin uzun illər boyu davam edəcək pozulmasına səbəb olacaq. Qazaxlar bu münasibəti də Kenesarının faciəvi taleyi ilə bərabər yaddaşlarına yazacaqlar. Nəticədə bizim gələcək nəsillərimiz arasında əsrlər boyu davam edəcək düşmən münasibəti və nifrət olacaq”.

Haşiyə: Kenesarı qazaxların sonuncu xanı olub. Rusiya qazax torpaqlarını da işğalının ardından onu əsir götürüb, sonra da edam edib. 19-cu yüzilin ortasında baş vermiş bu hadisədə qırğızların da əlinin olduğu haqda iddialar var. Tarixi mənbələrə görə, sonuncu qazax xanı Kenesarının əsir edilməsinə qırğızlar da dəstək verib. Bu isə iki xalq arasında əlavə nifrətə səbəb olub.

A.Moldokmatova bildirir ki, “belə arqumentlər ilk baxışdan əsaslı görünsə də yanlışdır. Eyni zamanda sözün həqiqi mənasında qardaş olan Qazaxıstan xalqına münasibətdə hörmətsizlikdir. Biz hələ çiyin-çiyinə çox işlərin öhdəsindən gələcəyik. Tarixdə bunu təsdiq edən yetərincə faktlar da var”.

Müsahibimiz sonda bildirir ki, “insanlığı və alicənablığı hələ ki, heç kim ləğv etməyib. Bizim qardaş xalqlarımızın ağlı yetərincə yüksəkdir. Birliyimiz var və bunda güc və qüdrəti görürəm”.

Əlavə edək ki, A.Moldokmatova baş verənlərlə bağlı Qazaxıstan rəhbərliyinə müraciət də edib. Onun video müraciətini bayraqdar.info yanvarın 9-da yayımlanmış yazıda təqdim edib.

Qazax-qırğız qarşıdurmasının baş tutmayan ssenarisi – VİDEO

Mission News Theme by Compete Themes.