Press "Enter" to skip to content

Qaxda çaylarda mühafizə bəndləri tikilir

Son yeniləmə: 10 Yanvar 2022 10:05

Bayraqdar.info – Son illər Respublikada Meliorativ tədbirlər uğurla davam etməkdədir.

Bunu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib.

ASC-dən bayraqdar.info-ya yanvarın 10-da verilən məlumata görə, o, qeyd edib ki, son illər Azərbaycanda meliorativ tədbirlər uğurla davam etməkdədir: “Qax rayonunda da bu işlər Qax Suvarma Sistemləri idarəsi tərəfindən ötən il plana uyğun olaraq aparılıb. Əkin sahələrinin suvarma suyu ilə təminatı, o cümlədən yaşayış məntəqələrinin sel sularından mühafizəsi üçün bir sıra işlər görülüb ki, bu işlərdən biri də rayon ərazisindən axan və zaman-zaman sel təhlükəsi yaradan Kürmük çayında həyata keçirilib. Kürmük çayının sağ və sol sahilində, İbaxlı və Əlibəyli kəndləri ərazilərindən keçən hissəsində daş-beton bəndlər tikilib”.

Vurğulanıb ki, Qax Suvarma Sistemləri İdarəsi tərəfindən su itkisinin qarşısının alınması məqsədilə ötən il 2270 metr torpaq məcralı kanal beton üzlüyə alınıb. Bu işlərin 1000 metri Qıpçaq ana kanalında, 500 metri Cəlayir ana kanalında, 500 metri Qobala-1 kanalında, 200 metri Qobala-2 kanalında və 70 metri Qaxmuğal həyata keçirilib: “Bundan başqa suvarma suyunun sahələrə fasiləsiz və intensiv çatdırılması üçün torpaq məcralı kanallarda lildən təmizləmə işləri aparılıb. Hazırda idarənin balansında olan texnikalar vasitəsilə rayonun müxtəlif ərazilərində kanallar lildən təmizlənir”.

Qeyd edilib ki, ötən il idarə tərəfindən böyük təsərrüfatların yerləşdiyi ərazilərdə əkin sahələrinin suya olan tələbatının ödənilməsi üçün Hayvalı suvarma kanalının müəyyən hissəsində qapalı və yarım qapalı metal borulu su ötürücü qurğunun təmiri aparılıb. Bundan başqa Kürmük çayının sağ və sol sahilləri boyu Əlibəyli, İbaxlı, Qaxbaş, Dəymədağlı kəndləri ərazisindən keçən hissəsində, Qara çay hövzəsi, Ləkit çay və Zərnə çay məcrasında məcra təmizləmə işləri aparılıb.

Mission News Theme by Compete Themes.