Press "Enter" to skip to content

“Polad Alemdar” Azərbaycan qaziləri ilə bir arada -ÖZƏL

Son yeniləmə: 15 May 2022 14:45

Bayraqdar.info – “Azərbaycan qazilərinin Türkiyəyə səfəri zəngin proqram və əlamətdar görüşlərlə yadda qaldı. Bu səfər zamanı təkcə siyasi və hərbi yetkililər deyil, o cümlədən müxtəlif peşə sahibləri və Türkiyənin tanınmış sənət adamları da qazilərlə görüşdülər. Onu da deyim ki, sənət adamlarının görüşü məhz onların xahişi əsasında baş tutdu. Yəni səfər proqramında öncədən belə görüşlər nəzərdə tutulmamışdı”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Xatırladaq ki, Türkiye Muharip Gaziler Derneyinin dəvəti ilə Vətən müharibəsi qazilərinin bir qrupu qardaş ölkəyə səfər edib. Gənclər və İdman Nazirliyinin dəstəyi, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatcılığı ilə həyata keçirilən səfər çərçivəsində qazilər çoxsaylı görüş və tədbirlərdə iştirak edib.

E.Həsənli bildirib ki, proqramdan kənar görüşlərdən biri Çakır obrazı ilə Azərbaycan tamaşaçısının rəğbətini qazanmış Oktay Kaynarca ilə oldu: “Yanvarın 10-da isə Azərbaycan qazilərini məhşur Polad Alemdar rolunun ifaçısı Necati Şaşmaz qonaq etdi. “Pana Film”də keçirilən görüşdə qaziləri salamlayan N.Şaşmaz Qarabağ zəfərindən qürur duyduğunu dedi. O, cənab Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqının böyük uğur əldə etdiyini bildirdi. Aktyor dedi ki, bu Zəfər türk dünyasında böyük sevinc və qürurla qarşılanıb”.

N.Şaşmaz qazilərə xitabən “biz filmdə qəhrəmanlarıq. Amma real həyatda, yəni əsl qəhrəmanlar sizlərsiniz. Türk dünyası sizinlə qürur duyur. Bizim üçün böyük şərəfdir ki, əsl qəhrəmanlarla görüşə bildik”, – deyib.

Yeri gəlmişkən, N.Şaşmaz Azərbaycana səfər edəcək. Bu səfər zamanı Azərbaycan ordusunun qəhrəmanlığından bəhs edən filmin çəkilməsi ilə bağlı müəyyən məsləhətləşmələr da aparıla bilər.

E.Həsənli onu da əlavə edib ki, qazilərin bu səfəri zamanı MHP Mersin millət vəkili Olcay Klavuzun xüsusi diqqət və qayğısını hiss ediblər: “Ankaradan İstanbula gələn, qazilərlə hər gün maraqlanan, onların iştirak etdiyi görüşlərə qatılan Olcay bəyə minnətdarlıq edirik. O.Klavuz gerçək bir Azərbaycan sevdalısıdır və bizləri bir an belə tək qoymadı. Elə N.Şaşmazla görüşdə də iştirak etdi”.

Mission News Theme by Compete Themes.