Son yeniləmə: 10 Yanvar 2022 12:29
Bayraqdar.info – Yanvarın 10-da Azərbaycan Dövlət Pantomima Teatrında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “Öyrədərək öyrənirəm” adlı ustad dərslərinə başlanılıb.
Teatrdan bayraqdar.info-ya bildirilib ki, dərsləri Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, Teatrın baş rejissoru Bəxtiyar Xanızadə aparır.
“Ustad dərslərinə peşəkarlardan, gənclərdən və tələbələrdən ibarət teatrşünaslar, aktyorlar, rejissorlar qatılıb. Təlimlərin ilk günü “Həqiqi hisslərlə yaşamaq azdır” mövzusuna həsr olunduğunu deyən B.Xanızadə özünün tələbəlik illərini xatırlayıb. O bildirib ki, ən böyük arzusu Sankt-Peterburqda aktyorluq üzrə təhsil almaq idi. “Bilmirəm siz məndən nə istəyirsiz amma mən bu gündən heç nə gözləmirəm” sualını vaxtilə ona verildiyini deyən Xalq artisti ilk olaraq eyni sualı təlimə qatılan aktyorlara ünvanlayıb. O, dahi şəxsiyyətlərdən sitatlar gətirib, “Həqiqi hisslərlə yaşamaq azdır onu təqdim etmək bacarığı olmalıdır” fikrini xatırlayıb.
“Sonra B.Xanızadə aktyorlara ən çox istədiklərini təsəvvürünə gətirmək tapşırığı verib. Aktyorlar xəyalında canlandırdıqları arzularını karandaşla ağ vərəqin üzərində çəkib. Təlimlər digər maraqlı texnikalarla davam edib.
Qeyd edək ki, “Şekspirin Hamleti. Hamlet kimdir?” adlı növbəti təlim yanvarın 13-də rejissorların iştirakı ilə keçiriləcək. Yanvarın 14-də təşkil olunacaq “Teatr və mən – mən və teatr” adlı təlimdə isə yalnız teatrşünasların iştirakı gözlənilir.