Son yeniləmə: 10 Yanvar 2022 13:41
Bayraqdar.info – Yanvarın 9-da Eskişehirdə “Güney Azərbaycanlı dəyərli sənətkar Tohid Novruzini anım proqramı” təşkil edilib. Tədbir Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı və “Barama Production”un əməkdaşlığı ilə keçirilib.
Dərnəkdən bayraqdar.info-ya verilən məlumata görə, proqramda T.Novruzinin həyatından bəhs edən qısametrajlı film nümayiş etdirilib.
Sonra Güney Azərbaycanlı şair Azeryar Danişvər çox yaxından tanıdığı sənətçi dostu Tohid haqqında duyğu və düşüncələrini izləyicilərlə bölüşüb. A.Danişvər ona olan hörmət və məhəbbətin nəticəsində T.Novruziyə əmi ləqəbi verilməsindən bəhs edib.
Proqramda Güney Azərbaycanda el adəti olan şam yandırma mərasimi keçirilib və T.Novruzinin nur içində yatması diləkləri səsləndirilib. T.Novruzinin vəsiyyəti olan “məni dəfn edərkən məzar başımda türkülər, mahnılar səslənsin” söyləminə uygun olaraq sənətçi Hakan Şahan və Ozan Yanar Sönmezin dilindən türkülər səsləndirilib.
Sonda tədbirdə iştirak edən sənətçilərə, əməyi keçənlərə və aparıcıya təşəkkürnamə təqdim olunub. Tədbir Eskişehir Azərbaycanlıları Dərnəyi sədri Cavid Aydının nitqi ilə yekunlaşdırılıb.