Son yeniləmə: 10 Yanvar 2022 16:59
Bayraqdar.info – 2022-ci ilin mart ayında “Buta Airways” aviaşirkətinin uçuş marşrutları xəritəsinə, eyni zamanda, iki Rusiya şəhəri daxil ediləcək. Aviadaşıyıcı Heydər Əliyev Beynəlxalq Aeroportundan iki istiqamət üzrə – Kazan və Ufa şəhərlərinə xüsusi reyslərin açılması barədə elan edib.
“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən bayraqdar.info-ya bildirilib ki, hər iki istiqamətdə reyslər həftədə iki dəfə yerinə yetiriləcək. Bakı-Kazan-Bakı marşrutu üzrə uçuşlar martın 16-dan başlayacaq və həftənin çərşənbə və şənbə günləri həyata keçiriləcək. Bakı-Ufa-Bakı marşrutu üzrə uçuşlar isə martın 17-dən başlayacaq və həftənin cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
“Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – “Standart” və “Super”. Hər iki tarifə ödənişsiz yer seçimi və hava limanında qeydiyyat daxildir. Həmin reyslərə biletləri “Buta Airways” aviaşirkətinin rəsmi saytından (“Super” və “Standart” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız “Super” tarifi üzrə) əldə etmək mümkündür. Aviabiletlərin dəyəri 55 avrodan başlayır. Qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir.
“Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunur. Rusiyaya səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşları bu ölkə ərazisinə giriş hüququna malik olmalıdırlar. Qeyd edilən reyslərlə yola düşən bütün sərnişinlər “COVID-19 olmadan səyahət edirəm” mobil əlavəsini smartfonlarına yükləməli və pasportunun skan edilmiş versiyasını, həmçinin COVID-19 üçün PCR-testinin nəticəsini həmin mobil əlavəyə daxil etməlidirlər. Pandemiya dövründə Rusiyaya giriş qaydaları aviaşirkətin saytında dərc olunub.
“Azərbaycanda COVID-19-a dair testdən keçmək üçün klinikaların siyahısı aviaşirkətin rəsmi saytında təqdim edilib.
“Sərnişin Rusiya şəhərlərindən Azərbaycana uçuş zamanı COVID-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş və PCR-testi üsulu ilə analiz götürən istənilən klinika və ya laboratoriyada verə bilər. PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcək. COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır”. Xəbərdə belə deyilir.