Press "Enter" to skip to content

3 min ildən sonra skeletin ürəyindəki oxu çıxardım – TÜKƏZBAN GÖYÜŞOVA

Arxeoloq Tükəzban Göyüşova

Son yeniləmə: 11 Yanvar 2022 11:15

1-ci hissə (2-ci hissə)

Bayraqdar.info – “Arxeologiyanı seçmisənsə, deməli bu sənəti sevirsən, deməli romantiksən, deməli sən vətənini çox sevirsən, deməli cəsarətlisən. Çünki bunlar olmasa, sən arxeoloq ola bilməzsən. Arxeoloq təbiət aşiqidir. Heç nədən qorxmur, çəkinmir”.

Həmsöhbətim AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Tunc dövrü arxeologiyası şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent, Gədəbəy Arxeoloji Eskpedisiyasının rəhbəri Tükəzban Göyüşovadır.

Arxeoloq Tükəzban Göyüşova və bayraqdar.info-nun redaktoru Sevda Əskər
Arxeoloq Tükəzban Göyüşova və bayraqdar.info-nun redaktoru Sevda Əskər

-Tükəzban xanım, arxeologiya sahəsinə gəlişiniz sırf təsadüfən oldu, yoxsa, bu sahəni əvvəldən seçmişdiniz?

-Təsadüfi deməzdim. Məşhur arxeoloq, mərhum Prof. Rəşid Göyüşov atamla əmi oğlu idi. Valideynlərimin doğulduğu Ağdam rayonunun Boyəhmədli kəndi tarixi abidələrlə zəngin idi. Rəşid müəllim Govurqalada qazıntı işləri aparırdı. Əmim bu sahənin tədqiqi ilə məşğul olduğu üçün uşaqlıqdan sahə ilə, arxeoloji kitablarla tanışlığım var idi. Anamgilin kəndindən atamgilin kəndinə gedərkən hər dəfə yolun üzərindəki təpənin – Govurqalanın üstünə qalxırdım, torpağın arasında eşələnib saxsı fraqmentlərini tapıb heyranlıqla baxırdım. Amma arxeoloq olmağı heç ağlıma gətirmirdim. Mənim üçün arxeologiya əlçatmaz idi. 1995-ci ildə Universiteti bitirdim. Rəşid əmi bizə gəlmişdi. Mənimlə, işlərimlə maraqlandı. Biləndə ki, işləmirəm, dedi ki, gəl, etnoqrafiya sahəsindən aspiranturaya daxil ol. Mənə “Azərbaycan etnoqrafiyası” adlı bir kitab verdi. Kitabı elə metrodaca oxuyub bitirdim və öz-özümə dedim ki, bunların hamısını bilirəm və Azərbaycan etnoqrafiyasına aid bundan da yaxşı kitab yaza bilərəm. Bakıda doğulsam da Ağdamla əlaqəmiz kəsilmirdi. Atam bizə Azərbaycanın hər guşəsini gəzdirmişdi. Uşaqlığım Kəlbəcərin yaylaqlarında keçib. Uşaqlıqdan bütün dağ otlarını tanıyır, adlarını, müalicəvi xüsusiyyətlərini bilirdim. Dedim, Rəşid əmi, mən etnoqrafiyanı istəmirəm, bəlkə arxeologiya ilə məşğul olum? Dedi, ay qızım, arxeologiya qız-qadın üçün çətin sahədir. Bacara bilməzsən. Mən təkidlə onun yanında işləmək istədiyimi bildirdim. R.Göyüşov İnstitutda Yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsinin müdiri idi. Beləcə əmimin şöbəsində işə başladım.

Arxeoloq Tükəzban Göyüşova və bayraqdar.info-nun redaktoru Sevda Əskər

-İlk arxeoloji səfəriniz yadınızdadır?

-1997-ci il idi. Neft kəmərinin çəkilişi zamanı Yevlaxda bir küp qəbir dağılmışdı, biz onu tədqiq etməliydik. R.Göyüşov məzarı mənə göstərəndə gedib kəllə sümüyünü əlimə götürdüm və dedim: “baxın, necə yaxşı qalıb”. Rəşid əmi mənə qəribə nəzərlərlə baxıb dedi ki, 40 ildir qadın arxeoloqlarla işləsə də 1-ci dəfədir görür ki, qız-qadın əlini qorxmadan skeletə vurur. O, mənim ilk işim oldu.

“Cavan qızsan, get, özünə başqa iş tap”

-Professor R.Göyüşov tədqiq edəcəyimiz sahəni gəzirdi, mənim də saçlarım sarı, cins şalvar geyinmişdim. Bizə kömək edən fəhlələrdən biri dedi ki, bu qız bizə bir stəkan su versəydi, içərdik. Sürücümüz naharımızı gətirməyə getmişdi. Çantamda mandarin var idi, verdim fəhlələrə ki, dayı, alın bunu yeyin. Dedi, ay qızım, sən azərbaycanlısan? Əlbəttə, dedim. Fəhlə dayı mənə dedi: “Cavan, göyçək qızsan, nə düşmüsən bu qoca kişinin dalınca? O maşından düşüb bu birinə minirsən. Get, özünə başqa bir iş tap”. Mən oturub onlara izah elədim ki, o qoca kişi məşhur professor Rəşid Göyüşovdur, tarixçi-alimdir. Mənim də əmimdir. Mən də ali təhsilliyəm, onun yanında işləyirəm. Bu qazdığımız qəbir küp qəbirdir, 2 min il bundan əvvələ aiddir, biz onu öyrənəcəyik və biləcəyik ki, ulu babalarımız necə yaşayıblar.

Qazıntılar zamanı Gədəbəy ərazisindən tapılmış antik dövrə aid quş fiquru
Qazıntılar zamanı Gədəbəy ərazisindən tapılmış antik dövrə aid quş fiquru
3 min il əvvələ məxsus möhür

-Tükəzban xanım, bəs niyə görə insanları küp qəbirlərdə dəfn edirdilər? Mən o küpləri görmüşəm, hündürlüyü 2 metrə yaxındır…

– Həmin dövrdə küp qəbirlər ana bətnini simvolizə edirdi. Yəni insan ana bətnindən dünyaya gəldiyi üçün dünyadan köçəndə də küp qəbirə qoyurdular ki, ana bətninə qayıdır. Mən onlara izah elədim ki, bu sahə üzrə elmi iş müdafiə edəcəyəm. Bu maşın mənim əmimin, digər avtomobil isə xidməti avtomobildir. Mənim söhbətimdən sonra fəhlə dayı dedi ki, mənim bir qızım var, 8-ci sinifdən çıxarıb evdə oturtmuşam, çox savadlı qızdır. İstəyirəm o da sənin kimi olsun. Sənin bu söhbətindən sonra mütləq onu oxutduracağam. Halal olsun sənə, qızım.

“Azərbaycanın tunc kəmərləri (son tunc – ilk dəmir dövrü)” adlı elmi iş müdafiə elədim

“Azərbaycanın tunc kəmərləri” kitabı

-Birinci elmi mövzum qədim alban şəhəri olan Govurqala abidəsi haqda idi. Elmi rəhbərim də professor Rəşid Göyüşov idi. O, dünyasını dəyişəndən sonra mövzumu dəyişib professor Hidayət Cəfərovun rəhbərliyi və tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlının elmi məsləhətçiliyi ilə “Azərbaycanın tunc kəmərləri” adlı mövzu üzərində işlədim. Son tunc-ilk dəmir dövrünə aid qəbir abidələrindən əldə edilən tunc kəmərlər, deyərdim ki, Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin pasportudur. Tunc kəmərlər əsasən statuslu adamların məzarlarından çıxır, xüsusən də kişi qəbirlərindən. Tunc təbəqənin üzərində heyvan təsvirləri, insan, nəbatat təsvirləri, həmin dövrün dini dünyagörüşünü əks etdirən sujetlər təsvir olunub. İndiyə qədər tapılan kəmərləri tədqiq etdim, 100-ə qədər kəməri öyrəndim, onların semantıkasını açmağa çalışdım. 2010-cu ildə uğurla müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini aldım. “Azərbaycanın tunc kəmərləri” adlı monoqrafiyam çapdan çıxıb. Hazırda dosentəm, 50-yə qədər elmi məqaləm var. Onlardan bir neçəsi Qazaxıstan, Dağıstan və Moskvada çap olunub. Beynəlxalq konfranslarda da iştirak etmişəm. Bakıda, Tiflisdə keçirilən beynəlxalq konfranslarda çıxışlarım çox maraqla qarşılanıb. Hazırda “Kiçik Qafqazın dağlıq ərazilərində maldar tayfaların maddi mədəniyyəti (Daşkəsən və Gədəbəy materialları əsasında)” adlı doktorluq işi üzərində çalışıram.

Gədəbəy Leşkər qalasında arxeoloji qazıntılar: Professor, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru Abbas Seyidov və t.ü.f.d. Tükəzban Göyüşova
Gədəbəy Leşkər qalaçasında arxeoloji qazıntılar: Professor, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru Abbas Seyidov və t.ü.f.d. Tükəzban Göyüşova

-Tükəzban xanım, bəs necə oldu ki, çətin relyefli ərazisi olan Gədəbəyə gedib çıxdınız?

-Mən kəmərlərlə bağlı elmi işimi işləyəndə tunc kəmərlər tapılan əksər rayonları gəzdim. Onda ilk dəfə yolum Gədəbəyə düşdü. Gədəbəyin Tarix-diyarşünaslıq muzeyinin inventar kitablarına baxanda məlum oldu ki, təkcə 200-ə qədər maddi mədəniyyət nümunəsi Daryurd kəndindən daxil olub. Üz tutdum həmin kəndə. Misilsiz təbiətə malik kənd dağların qoynunda yerləşir. Kənd bol sulu çayları, mineral bulaqları, çəmənlikləri, sıx meşələri ilə insanı heyran edir. Kənd tarixin müxtəlif dövrlərinə aid qədim nekropollar, yaşayış yerləri, siklopik tikililər, müxtəlif kultlarla bağlı qədim ibadətgahlarla zəngindir.

Gədəbəy Arxeoloji Ekspedisiyası

2006-cı ildə Daryurd kəndində kiçik arxeoloji dəstə ilə arxeoloji kəşfiyyat işləri apardıq. 2008-ci ildən isə Gədəbəy arxeoloji ekspedisiyasının rəhbəriyəm. O gündən bu günə ekspedisiya müəyyən fasilələrlə Gədəbəy rayonu ərazisində arxeoloji tədqiqatlar aparır. İndiyə qədər onlarla son tunc – erkən dəmir dövrünə aid daş qutu tipli qəbir abidələri, eyni dövrə aid yaşayış yerləri, siklopik tikililər tədqiq edib öyrənmişik. Tarixin müxtəlif dövrlərinə aid onlarla arxeoloji abidə qeydə alıb pasportlaşdırmışıq.

ARDI VAR

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.