Press "Enter" to skip to content

KTMT-nin əsas məramı müxalif hərəkətləri boğmaqdır

Cırgalbek Kasabolotov

Bayraqdar.info – Yanvarın ilk günlərindən qardaş Qazaxıstanda baş verməkdə olan hadisələr dünyanın diqqət mərkəzində olmaqla bərabər bütünlükdə Orta Asiyanı ilgiləndirən məsələdir. Çünki bu hadisələr yalnız bir ölkənin deyil, bir bölgənin taleyini dəyişə biləcək qədər önəmlidir. O baxımdan qardaş və qonşu Qırğızıstan da diqqətdən kənar qala bilməzdi. Bayraqdar.info bunu nəzərə alaraq Qazaxıstan olaylarına Qırğızıstan ictimai rəyinin də münasibətini öyrənmək qərarına gəlib.

Həmsöhbətimiz siyasi təhlilçi – konfliktoloq Cırgalbek Kasabolotovun suallarımıza verdiyi cavabların nəinki Azərbaycan oxucusu, ümumiyyətlə hər kəs üçün maraqlı olacağını düşünürük.

C.Kasabolotov deyir ki, Qazaxıstanda baş verənlər ilk gündən Qırğızıstanda çox yaxından izlənilir, geniş müzakirə edilir və ağrıyla qəbul edilir. O, elə ilk cümlələrindən vurğulayır ki, Qazaxıstan hakimiyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qoşunlarını ölkəyə dəvət etməklə yanlışa yol verib: “Bir çoxları bu addımı öz xalqına qarşı xəyanət kimi dəyərləndirir”.

Rusiya vəziyyətdən istifadə etdi

“Bəs bu hadisələr Orta Asiya ölkələri üçün əlavə təhdid təşkil edirmi” sualımıza C.Kasabolotov belə cavab verir: “Şəxsi qənaətim bundan ibarətdir ki, Rusiya hakim dairələri vəziyyətdən əməlli-başlı istifadə etdi. Onların məqsədi Sovet İttifaqına bənzər bir strukturun qurulmasıdır. Bu hadisələr də bu baxımdan bir fürsət oldu. Bunu imperiya iştahı qabarmış bir sıra Rusiya siyasətçilərinin fikirləri də təsdiq edir”.

Ekspert daha sonra qeyd edir: “Belə çıxır ki, KTMT özünün bəyan etdiyi əsas məsələni faktiki olaraq həll edə bilmir. Bu isə xarici təhdidlərdən müdafiə məsələsidir. Qırğızıstan və Tacikistan arasında münaqişə yarananda – Tacikistanın Qırğızıstana təcavüzü baş verəndə də belə olmuşdu. Onda KTMT faktiki olaraq heç bir rol oynaya bilmədi. Halbuki iki ölkə arasında real münaqişə baş vermişdi”.

KTMT-nin əsas məramı

C.Kasabolotov daha sonra əlavə edir: “Bu hadisələr KTMT-nin əsl məramına aydınlıq gətirir. Onun əsl məqsədi üzv ölkələrin ərazisində baş qaldıran müxalif hərəkətlənmələri qarşılıqlı yardımlaşma yoluyla boğmaqdır. Yəni elə hallar olur ki, güc qurumları öz xalqına qarşı silah çevirməkdən imtina edir. Belə olanda müttəfiq dövlətlərdən hərbçiləri dəvət etmək çox asan olur”.

Həmsöhbətimizə Qazaxıstan olaylarının Qırğızıstan üçün əsas təsirləri ilə bağlı sual ünvanlayırıq. Cavab: “Qırğızıstana gəlincə, ən əsas və narahatedici məsələ ərzaq təhlükəsizliyi ilə bağlıdır. Çünki bir çox mal və məhsullar Qazaxıstan ərazisindən daxil olur. Nəzərə almaq lazımdır ki, Qırğızıstanda onsuz da qiymət artımları baş verməkdədir və bu olaylar bu artımları daha da sürətləndirəcək”.

Sərhədi bağlaya bilərlər

“Düşünürəm ki, məhz iqtisadi amil Qazaxıstan Prezidentinin Qırğızıstan rəhbərliyi ilə müzakirələrində istifadə edilir. Çünki onların əlində sərhədi bağlamaq kimi real təsir imkanı var. Onlar istənilən səbəb üzündən sərhədi bağlaya bilərlər. Bir şeyi nəzərə almaq lazımdır ki, dövlət maraqları heç də həmişə hakim dairələrin maraqlarıyla üst-üstə düşmür. Çox vaxt bunlar iki ayrı məsələdir. Bundan çıxış edərək deyə bilərik ki, Qasım-Jomart Toqayevin marağı Rusiyaya müəyyən güzəştlər etməklə öz hakimiyyətini qorumaq və möhkəmləndirməkdir.” Bu fikirlər də C.Kasabolotova aiddir.

Xalq ayaqlanmasıdır, vahid lider yoxdur

Həmsöhbətimiz Qazaxıstanda baş verənləri xalq ayaqlanması kimi dəyərləndiri və vahid liderin olmamasına diqqət çəkir: “Demək istərdim ki, Qazaxıstanda baş verənlər məhz xalq ayaqlanmasıdır. Çünki vahid təşkilatçı mərkəz yoxdur. İnsanlar müxtəlif bölgələrdə öz fərqli tələbləri ilə meydana çıxıblar. Özü də meydanlara çox sayda insan çıxıb. Bu, həm də hakimiyyəti doğrudan da dəyişmək istəyənlərin çox zəif cəhətidir. Gerçək alternativ liderin də yoxluğu göz önündədir”.

Bir daha qeyd edək ki, bu qeydlər bayraqdar.info-nun Qazaxıstan olaylarına qonşu Qırğızıstandan baxışlara aydınlıq gətirmək cəhdidir. Əlbəttə, ekspertin müəyyən fikirləri mübahisə mövzusu ola bilər. Lakin nəzərə almaq lazımdır ki, bizim razılaşıb-razılaşmamağımızdan asılı olmayaraq Qırğızıstanda belə düşünənlər də var. Özü də onların sayı heç də az deyil.

Mission News Theme by Compete Themes.