Bayraqdar.info – Qardaş Qazaxıstanda bir neçə gün davam edən qarşıdurmalar artıq səngiməkdədir. Vəziyyət yaxşılaşmağa başlayıb.
Bu sözləri bayraqdar.info-ya açıqlamasında qazaxıstanlı jurnalist Amangeldi Qurmetuli deyib.
Jurnalist qeyd edib ki, artıq dövlət ölkənin bütün bölgələrini tam nəzarət altına alıb. Yalnız Almatıda bir qədər narahatlıq və ara-sıra atışma halları qalmaqdadır.
A.Qurmetuli bildirib ki, ölkədə çevriliş etmək istəyən dövlət adamlarının olduğu da müəyyən edilib. Yanvarın 8-nə olan məlumata görə, Qazaxıstan Dövlət Təhlükəsizliyi Komitəsinin keçmiş sədri və keçmiş Baş nazir Kərim Məsimov da ölkədəki qarışıqlıqda şübhəli bilinərək saxlanılıb.
Qazax jurnalist qeyd edib ki, yanvarın 8-nə olan məlumata görə, ölkə üzrə 4 mindən çox şəxs baş verən hadisələrdə şübhəli bilinərək saxlanılıb. Bundan başqa 20-dən artıq şəxs zərərsizləşdirilib.
“Paytaxt Nur-Sultan şəhərində isə ümumiyyətlə sakitlikdir. Elbaşı Nursultan Nazarbayev də işinin başındadır, gərəkli görüşlər keçirir. Yəni ölkədə həyat normala dönməkdədir”, – deyə A.Qurmetuli bildirib.
Jurnalistin bu haqda məlumatını rəsmi olaraq Elbaşının mətbuat xidməti də təsdiqləyib.
Nursultan Nazarbayev yerindədir və daimi məsləhətləşmələr aparır
Əlavə edək ki, bayraqdar.info K.Məsimovun saxlanılması haqqında xəbəri yanvarın 8-i səhər saatlarında vermişdi.