Son yeniləmə: 7 Yanvar 2022 17:46
Bayraqdar.info – “Düzdür Güney Azərbaycanda çox dərin və fərqli kəsimlər arasında yayğın olan bir milli oyanış var. Amma eyni zamanda fars şovinizminin basqıları, assimilyasiya siyasəti də davam edir. Özü də bu siyasət Güney Azərbaycana qarşı bütün sahələrdə davam edir”.
Bunu bayraqdar.info-ya özəl açıqlamasında Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi İdarə Heyətinin üzvü Mehsa Mehdili deyib.
Onun sözlərinə görə, xüsusilə Azərbaycanın Vətən müharibəsindəki tarixi Zəfərindən sonra İran rejimi tərəfindən Güney Azərbaycana qarşı təzyiqlər daha da artıb: “Çünki İkinci Qarabağ savaşı zamanı Güney Azərbaycanın Azərbaycan Respublikasının uğurlarından nə qədər təsirləndiyini, bundan əlavə güc aldığını fars rejimi yaxşı gördü. İndi isə Azərbaycan-Türkiyə qardaşlığının hər keçən gün daha da güclənməsi, Azərbaycan Respublikasının Cənubi Qafqazda güc mərkəzi kimi önə çıxması güneylilərə əlavə güc verir. Bu da İran rejiminin Güney Azərbaycana qarşı təzyiqlərinin daha da artması ilə müşahidə edilir”.
M.Mehdili deyib ki, bütün bunlara baxmayaraq mübarizə davam etməlidir. Məhz bu konteksdə 2022-ci ildə Güney Azərbaycanın milli azadlıq hərəkatının önündə gedən təşkilatlar, o cümlədən sıravi şəxslər fəal olmalıdır: “Hesab edirəm ki. xüsusilə hazırda xaricdə yaşayan Güney Azərbaycan fəalları, ziyalıları, müxtəlif peşə sahibləri Güney Azərbaycanın səsi olmalıdır. Biz xalqımızın, Güney Azərbaycanın haqq səsini dünyaya çatdırmalıyıq. Hesab edirəm ki, yeni, 2022-ci ildə bu istiqamətdə fəallığmızı daha da artırmalıyıq”.