Press "Enter" to skip to content

İyulun 1-dək “Dövlət icbari şəxsi sığorta” altsistemi qurulacaq

Dövlət Sosial Müdafiə Fondu

Son yeniləmə: 8 Yanvar 2022 16:34

Bayraqdar.info – Ölkəmizdə sosial sahədə davamlı islahatlar həyata keçirilir. Bəlli olduğu kimi Prezident İlham Əliyevin Fərmanına əsasən bu ilin əvvəlindən hərbi qulluqçuların və digər bir sıra kateqoriyalardan olan şəxslərin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası üzrə fəaliyyət, həmin sığorta vəsaitlərinin idarə edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən həyata keçirilir.

Nazirlikdən bayraqdar.info-ya yanvarın 8-də verilən məlumata əsasən köklü islahatlar çərçivəsində yaxın vaxtlarda bu sahədə bütün xidmətlər elektronlaşdırılacaq. Eyni zamanda sığorta ödənişlərinin proaktiv təyinatı sistemi işə salınacaq.

Fondun 2021-ci il üzrə fəaliyyətinin yekunlarına və qurumun qarşısında duran vəzifələrə həsr olunmuş iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu məqsədlə elektron infrastrukturun formalaşdırılacağını, 2022-ci il iyulun 1-dək “Dövlət icbari şəxsi sığorta” altsisteminin qurulacağını bildirib.
Nazir ümumilikdə bu sahədə innovativ həllərin geniş tətbiqinin və optimal idarəçiliyin, müasir, operativ və şəffaf xidmətlərin təşkilinin, sığorta ehtiyatlarının yaradılması, artırılması və bu ehtiyatdan səmərəli istifadənin əsas prioritetlər olduğunu deyib.

Həmin ehtiyatdan səmərəli istifadə nəticəsində formalaşan gəlirlərin şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinə yönəldiləcəyini qeyd edib.

İclasda bildirilib ki, dövlət başçısının Fərman və Sərəncamları ilə ölkəmizdə bu ilin əvvəlindən yeni sosial islahat reallaşdırılmaqla 2,1 milyon insanı əhatə edən pensiya, əməkhaqqı, müavinət və təqaüdlərdə növbəti artımlar edilib və bunun üçün illik əlavə 1,5 milyard manat ayrılıb. DSMF tərəfindən sosial təminat növləri üzrə bütün ödənişlərin qeyd edilən artımlarla birgə müvafiq qrafik əsasında hər ay vaxtlı-vaxtında ödənilməsi təmin ediləcək.

Mission News Theme by Compete Themes.