Press "Enter" to skip to content

ABŞ-Rusiya: İlanın ağına da lənət, qarasına da

Azər Həsrət

Son yeniləmə: 8 Yanvar 2022 11:33

Bayraqdar.info – Artıq iki gündür ki, dünya mediasında ABŞ Dövlət katibi Entoni Blinkenin rusların Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adı altında Qazaxıstana müdaxiləsinə obrazlı münasibəti tirajlanır.

E.Blinken deyib: “Tarixdən bir dərs: sizin evinizdə ruslar peyda olubsa, onları getməyə məcbur etmək çətin olur”.

Bu fikir Rusiya rəsmilərini özündən çıxarıb və onlar da obrazlı ifadələrlə cavab verməyə çalışıblar. Rusiya Xarici İşlər Nazirliyi, ABŞ Dövlət katibindən fərqli olaraq lakonik deyil, uzun-uzadı cavabla əks mövqe ifadə edib.

“Əgər E.Blinken tarix dərslərini belə çox sevirsə, onda bunları nəzərə alsın: Sizin evinizdə Amerikalılar peyda olanda sağ qalmaq, talanmamaq və ya zorlanmamaq çox çətin olur.” Bu fikirlər Rusiya XİN-ə aiddir.

Ruslar cavabda daha sonra əlavə ediblər: “Bu haqda Quzey Amerika qitəsinin hinduları, koreyalılar, vyetnamlılar, iraqlılar, panamalılar, yuqoslavlar, liviyalılar, suriyalılar və başqa bədbəxtlər, bu çağırılmamış qonaqları öz “evində” görməklə bəxti gətirməmişlər çox şey deyə bilərlər”.

Deyir, utanmasan oynamağa nə var ki? Sanki Rusiya zorla girdiyi ölkələri talan etməyib, insanları zorlamayıb da bu işdə yalnız ABŞ-ı ittiham edir. ABŞ heç olmasa ruslardan fərqli olaraq Rusiya XİN-in adını çəkdiyi ölkələrdən birdəfəlik çəkilib gedib və onların işinə qarışmır. Bəs Rusiya nə edir?

Rusiya qonşuluqda elə bir xalq və ölkə qoymayıb ki, onları talamasın, işğal etməsin, zorlamasın. Üstəlik, bütün bunlardan sonra yüz illərlə həmin ölkələrdə qalmağa davam edib, insanlarını daim zülm altında tutub.

Biz bu məsələdə ABŞ-a haqq qazandırırıq. Həm də düşünürük ki, ruslar öz cavablarında qeyd etdiklərinə diqqət etsələr görəcəklər ki, ABŞ-dan 10 qat artığını ediblər başqa xalqlara münasibətdə və etməyə də davam edirlər. Bunu bir Azərbaycanlı olaraq, eyni zamanda Rusiya zülmünü öz üzərində hiss etmiş birisi kimi yazıram.

Ümumiyyətlə isə, ilanın ağına da lənət, qarasına da! İşğalçı işğalçıdır. Bu, istər Rusiya olsun, istər ABŞ. Dünya xalqları bunların hər ikisindən əziyyət çəkir. Biz isə Azərbaycan olaraq Rusiyadan hələ də əziyyət çəkməyə davam edirik. Elə son örnəyimiz: rusları Qarabağa sülhməramlı kimi dəvət etdik, onlarsa nə edir? Özlərinə kilsə belə tikdilər bir ilin içində. Bu isə E.Blinkenin sözlərinin təsdiqidir. Bunlar Qarabağdan – Azərbaycan torpağından çıxmağa hazırlaşmırlar. Amma unudurlar ki, nəinki ordan çıxacaqları, ümumiyyətlə Rusiyanın özünün param-parça olacağı gün uzaqda deyil. O böyük torpaqda yüz illərdir əsir tutduqları xalqlar mütərəqqi bəşəriyyətin də yardımıyla ən qısa zamanda azadlığına qovuşacaq və onda Rusiya adlı dövlət Moskva və Peterburqdan ibarət olaraq qalacaq. Elə bir gün gələcək ki, rusların özləri başqa xalqları “qonaq” etməli olacaqlar…

Mission News Theme by Compete Themes.