Son yeniləmə: 8 Yanvar 2022 10:49
Bayraqdar.info – Türkiyə Cümhurbaşqanlığı Milli Kitabxanasında anadan olmasının 75-ci ildönümü münasibətilə Dr. Sadık Ahmeti anma proqramı təşkil edilib.
Birlik Gazetesi xəbər verir ki, Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı (YTB) tərəfindən təşkil edilən tədbirdə Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Baş qərargah rəisi Yaşar Güler, xarici işlər nazirinin müavini Yavuz Selim Kıran, YTB Başkanı Abdullah Eren, Sadık Ahmetin oğlu Levent Sadık Ahmet, həmçinin dövlət qurumlarının, parlamentin və partiyaların təmsilçiləri qatılıb.
Proqram çərçivəsində konfrans zalının xaricində Sadık Ahmetin şəxsi əşyaları sərgilənib, mərasim üçün hazırlanmış yaxalıq nişanı, möhür və kitab təqdim olunub.
İştiraskçılara həmçinin Mədəniyyət və Turizm Nazirliyi ilə YTB-nin birgə hazırladığı “Doktor Sadık Ahmet” kitabı təqdim olunub. Kitabda akademik və ekspertlərin məqalələri yer alıb.
“Batı Trakya türkləri və problemləri”, “Doktor Sadık Ahmetin həyatı və şəxsiyyəti” və “Dr. Sadık Ahmetin mübarizəsi” kimi bölmələrin yer aldığı kitabda, həmçinin Yunanıstandakı Batı Trakya müsəlman türk azlığının demokratik hüquqları uğrunda illərdir mübarizə aparan mərhum S.Ahmetlə bağlı bir çox insanın müsahibələri də var.
Proqram Qurani-Kərimin tilavəti, o cümlədən Dr. Sadık Ahmetin həyat və mübarizəsindən bəhs edən videoçarxın nümayişi ilə başlayıb.
Mərasimdə çıxış edən kitabın redaktoru Dos. Dr. Nilüfer Erdem S.Ahmetin sağlığında Batı Trakyada ziyarət etmədiyi türk kəndinin olmadığını, onun hər bir Batı Trakya türkünün dərdini dinlədiyini bildirib. Qeyd edilib ki, Batı Trakya türklərinin problemlərini beynəlxalq platformalara daşıyan Dr. Sadık Ahmetin rolu danılmazdır.
Mərhumun oğlu Leven Sadık Ahmet isə atası ilə bağlı xatirələrini danışıb. O, atasının həbs olunarkən dediyi “Mən türk olduğum üçün həbsə atılıram. Türk olmaq cinayətdirsə, burada bir daha təkrar edirəm; mən türkəm və belə qalacağam”, – dediyini xatırladıb.
Atasının hələ də üstü açılmayan sui-qəsd nəticəsində öldüyünü vurğulayan Levent Sadık Ahmet “O gün söz vermişdik; bayraq yerə düşməz, mübarizə burada bitməz. Biz, Sadık Ahmetin soyadını daşıyan ailəm həmişə və hər yerdə, nəyin bahasına olursa olsun türk olduğumuzu hayqıracağıq”, – deyib.
İstəklərinin türk kimi tanınmaq olduğunu qeyd edən Leven Sadık Ahmet, demokratiyanın beşiyi olaraq təqdim edilən Yunanıstanın türklərə qarşı hüquq pozuntularını davam etdirdiyini bildirib.