Son yeniləmə: 7 Yanvar 2022 15:13
Bayraqdar.info – “Məlum olduğu kimi Orta Asiyanın ən böyük respublikası olan Qazaxıstanda hökumətin istefası ilə nəticələnən etiraz aksiyaları keçirildi. Buna səbəb kimi maye qazın qiymətinin iki dəfə artırılması göstərilir. Təbii ki, iri qaz ixracatçısı olan Qazaxıstan üçün qiymətin belə sıçrayışı xoşagələn hal deyil. Amma qazın qiymətlərini elə qonşu Rusiyadakı qiymətlərlə müqayisə etsək, bu, çox da yüksək kimi görsənmirdi”.
Bunu bayraqdar.info-ya özəl açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.
Onun sözlərinə görə, hadisələrin sonrakı inkişafı onu göstərir ki, bu, bütün parametrlər üzrə öncədən hazırlanmış ssenaridir: “Təsəvvür edirsiniz, etirazlar ölkənin müxtəlif hissələrində, əhalinin sosial rifahı, siyasi aktivliyi və s. xüsusiyyətləri aşağı və tam əksinə, yüksək olan şəhərlərdə eyni gündə və eyni vaxtda başlayır və cəmi bir neçə saata iğtişaşlara dönür. Küçədə keçirilən etirazların media yayımı internet resurslar və platformalar üzərindən, günümüzün yeni nəsil media alətləri ilə geniş işıqlandırılır. Baş verənlər haqqında doğru və ya təhrif olunmuş məlumatlar dayanmadan tirajlanır.
“Etirazlar haqqında xəbər agentlikləri, Telegram kanalları, Twitter və digər sosial media hesablarında az qala canlı formada məlumatlar paylaşılır. Məlumatları paylaşan kanalların kiçik monitorinqi isə bir sıra mətləblərdən xəbər verir. Bir az genişləndirilmiş monitorinq Qazaxıstanda keçirilən etirazların media təminatının Kremldən idarə olunduğunu üzə çıxarır”.
Y.Hacıyeva deyib ki, hadisələrin təqdimatı 2020-ci ildə Belarusda baş verənlərlə eynilik təşkil edir, Rusiya xüsusi xidmət orqanlarının dəst-xətti ilə aparılır: “Baş verənlər haqqında internet resurslarında videoçarxlar, əsasən, Rusiyadan gəlmiş “turistlərin” qaldıqları otellərin balkonundan telefonla etdikləri canlı yayımlardan izlənilir.
“Təbliğatlar ənənəvi rus xüsusi xidmət orqanlarının ritorikası və təbliğat üsullarıyla, uzun illər vətəndaşların narazılığı kimi formalaşmış mövzular üzərindən aparılır. Əsasən siyasi elitanın qruplararası münaqişələri, ölkənin təbii resurslarına nəzarət edən klanları arasında münasibətlərin aydınlaşdırılması, təbii resurlar üzərində nəzarətin yenidən bölüşdürülməsi uğrunda mübarizə elementləri ilə nəzərə çarpır”.
O da qeyd edilib ki, bu cür təbliğat zamanı ölkədə demokratik müxalifətin təqib edilməsi, onların problemləri, Fransada yaşayan Qazaxıstan Demokratik Hərəkatının lideri Muxtar Ablyazovun etiraz aksiyasına rəhbərlik etmək cəhdləri, qazax cəmiyyətində sosial problemlərin qabardılmasına da yer verilir: “Etirazların 24 saatlıq nəticəsi kimi əsas tələb olan yanacağın qiyməti endirildi, ölkənin milli lideri Nursultan Nazarbayev, Nazirlər Kabineti istefaya getdi, Prezident parlamentin buraxılacağı haqqında anonslar verdi. Etirazların ikinci günü təbliğatın ritorikası daha da sərtləşdi. Rusiyaya bağlı media agentlikləri Qazaxıstanda etirazların Qərb tərəfindən hazırlanmış süni hadisə olması təbliğatını aparmağa başladı”.
Politoloq xatırladıb ki, Qazaxıstanda 2011-ci ildə Jana Özəndə qanlı etirazlar olmuşdu: “Lakin son illərin bu tip hadisələrini nəzərə alsaq, müstəqillik illərində ən böyük daxili problemlərlə üzləşdiyi görüntüsü, ölkənin uçurumun astanasında olması, xaosun davam etdiyi küçələrdə proseslərin hər an nəzarətdən çıxa biləcəyi təəssüratı var.
“Qazaxıstan höküməti 2021-ci il dekabrın əvvəlində Baş Kəşfiyyat İdarəsində işləyən və geniş spektrli məxfi məlumatları Rusiyaya ötürən nazir müavinlərindən birini həbs edib.
Son iki gündə BKİ şəbəkəsinin Telegram kanalları seqmentində anti-Qazaxıstan hekayələrinin kütləvi şəkildə yayılması, Nazarbayev-Toqayev hökumətinin rusofob və mübahisəli dost kimi xarakterizə olunması təbliğatı gedir. Bu şəbəkənin təbliğatında müşahidə etdiyimiz, ən çox tirajlanan mövzuları arasında etirazlarda “Böyük Britaniya izi”, “Qazax xalqının ədalət naminə üsyanı”, “Maydandan Suriyaya Qazaxıstan faciəsinin qaranlıq ssenariləri”, Qazax limitrofunun (çar imperiyasının dağılması ilə meydana gələn dövlətlər) dağılması və “yerli “rus dünyası”nı qorumaq üçün Qazaxıstanın şimalına rus qoşunlarının göndərilməsi zərurəti” və s. tezislər üstünlük təşkil edir”.
Bildirilib ki, paralel olaraq hakimiyyətin reaksiyası sərtləşib, mülki və hərbi idarələrə hücum çağırışlarının qanunla cəzalandırılacağı haqqında xəbərdarlıq edilib: “Beləliklə, polis və təhlükəsizlik qüvvələri nümayişləri gözyaşardıcı qazla dağıdır, etirazçıların həbsləri davam edir, sosial şəbəkələr, internet saytları və messencerlər bloklanır. Öncə Manqışlaq vilayətində və Almatıda, daha sonra isə bütün ölkədə fövqəladə vəziyyət elan edilir. Hökumətin sərtləşməsi üzərindən aparılan təbliğat isə 2020-ci ildə Belarusda izlədiyimiz dəst-xətti xatırladır.
“Əlbəttə, Kremlin bu “xidməti” təmənnasız deyil, bunun müqabilində Qazaxıstanı Avrasiya Gömrük İttifaqı iki il öncə razılaşmadığı məqamlara razı salmaq məqsədi güdür. Etiraf etmək lazımdır ki, ölkədə indiki xaos Rusiyaya bunun üçün geniş imkanlar pəncərəsi yaradır. Bu isə təxminən rusiyalı siyasətçilərin və xüsusi xidmət orqanlarının tez-tez səsləndirdiyi “Orta Asiyanı əldə saxlamaq üçün Belarus ssenarisi kimi bir şey” təklifini xatırladır”.
Politoloq açıqlamasında bir maraqlı məqama da toxunub: “Qazaxıstanın sosial media seqmentində yanvarın 5-də Prezident Qasım-Jomart Toqayevin rəsmən KTMT qüvvələrinin ölkəyə yeridilməsi barədə müraciətlə çıxış etməsindən əvvəl içərisində 300-ə yaxın Vagner muzdlusu olan İl-76 təyyarəsinin Almatıya enməsi haqqında məlumatlar dolaşır. Həmin vaxt şəhər aeroportu hələ etirazçıların əlinə keçməmişdi, həmin gün axşam Almatıda etirazçılara atəş açanlar və onlarla adamı öldürənlər Vagner muzdluları olublar. Bəzi məlumatlara görə, öldürülənlərin sayı daha çoxdur, morqlar meyitlərlə doludur. Bu məqamda xatırlatmağı özümə borc bilirəm ki, 1990-cı ilin yanvarında Sovet qoşunlarının Bakıya yeridilməsi zamanı da nümayişçilərə atəş açanlar arasında “Alfa” xüsusi təyinatlı dəstəsinin Əfqanıstan müharibəsini keçmiş veteranlarının olduğu üzə çıxmışdı. Onları Krasnodar vilayətindən Bakıya gətirmişdilər”.