Son yeniləmə: 7 Yanvar 2022 20:30
Bayraqdar.info – Ötən ilin dekabrında MDB Dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-formal sammitindən sonra sosial şəbəkələrdə maraqlı bir video yayılmışdı. Həmin videoda sammitdən sonra liderlərin məkandan ayrılması öz əksini tapmışdı.
Deməli, dövlət başçıları sammit keçirilən məkandan çıxaraq onlar üçün ayrılmış avtomobilə əyləşirlər. Elə videonun maraqlı və düşündürücü tərəfi də bu məqamla bağlı idi. Belə ki, Nursultan Nazarbayev zaldan Belarus Prezidenti Aleksandr Lukaşenko ilə birgə çıxır və onunla eyni avtomobilə oturub, ərazini tərk edir. Ardınca isə Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayevlə birgə çıxır və başqa bir avtomobildə ərazini tərk edirlər.
Düzü, bu səhnəni görəndə, necə deyərlər, dalağım sancmışdı. Çünki əslində, V.Putin N.Nazarbayev və Q-J.Toqayevlə birgə gedə bilərdi. Axı onların hər ikisi eyni ölkəni təmsil edirdi. Bəlkə də yanılıram.
Nursultan Nazarbayevdən alınan qisas
Beləliklə, həmin kadrlar, xüsusilə də Elbaşının həmin sammitin keçirildiyi məkandan bir az yorğun, bir az da küskün şəkildə ayrılması istər-istəməz məndə “N.Nazarbayev yola salınırmı görəsən” sualı yaratmışdı.
Bu ilin ilk günlərində Qazaxıstanda baş verən etiraz aksiyalarının fonunda ilk olaraq N.Nazarbayevin və hökumətin hədəf götürülməsi bir anlıq yaddaşımda həmin videonu canlandırdı. Bir sözlə, dekabrdakı qənaətim qətiləşdi – N.Nazarbayev yola salınır.
N.Nazarbayevin nəyə görə Rusiyanın qəzəbinə tuş gəlməsi barədə artıq bir neçə gündür ki, media təmsilçiləri və siyasi şərhçilər tərəfindən yetərincə faktlar səsləndirilib. Ona görə də təkrar o bəndlərin üzərinə qayıtmaq istəmirəm. Sadəcə vurğulamağı özümüzə borc bilirik ki, latın əlifbasına keçid, rus dilinin Qazaxıstanda ikinci dövlət dili statusunun ləğvi, türk dövlətlərinin bir araya gəlməsində göstərilən fəallıq, həmçinin zaman-zaman işğalçı Ermənistana layiq olduğu yerin göstərilməsi N.Nazarbayevi Kremlin, o cümlədən beynəlxalq erməni lobbisinin qəzəbinə tuş gətirən faktlar sırasındadır.
Göründüyü kimi məqam yetişən kimi bu qəzəb özünü ən sərt qisas formasında nümayiş etdirdi. Nəticədə də bu günə kimi N.Nazarbayevin harada olması haqqında heç bir məlumat verilmir. Ən yaxşı halda böyük ehtimalla o, ev dustağıdır. Ən pis halda isə, Allah göstərməsin, sabah, yaxud birisi gün “baş verənlərdən dərin sarsıntı keçirən N.Nazarbayev özünə qəsd edib” kimi xəbər eşitsək, heç də təəccüblənmərik. Çünki “Qazaxıstan ssenarisi”ni yazanlara bu ssenarini arzu etdikləri kimi tamamlamaq üçün N.Nazarbayevin diri qalması sərf etməz.
Bu “xəmirin suyu”nu Rusiyaya Qərb verdi
Ssenaridən söz düşmüşkən, yazının başlığını heç də təsadüfən bu cür seçməmişik. Məsələ burasındadır ki, Qazaxıstan hadisələrinin məlum inkişafı orada Qərb-Rusiya ittifaqı izinin olmasına əsaslar yaradır. Təsəvvür edin, Qərbin, necə deyərlər qaz verdiyi başıpozuq dəstə xalqın etirazını başqa məcraya yönəldir. Ölkəni talanlar, yanğınlar bürüyür. İcraedici və qanunverici orqanlar zəbt olunur, dövlətin bir nömrəli qoruyucusu olan ordu təhqir edilir. Bir sözlə, Rusiyanın KTMT-nin timsalında Qazaxıstana girməsi üçün yetərincə “əsaslar” yaradılır. Hətta o dərəcədə ki, Qazaxıstan sanki yalvararaq bu dəvəti etmək məcburiyyətində qalır.
Belə deyək ki, bu “xəmirin suyu”nu Rusiyaya Qərb verdi. Səbəb isə, məncə kimsəyə sirr deyil. Türk dünyasının birliyi, dərin inteqrasiyası Qərbin də, Rusiyanın da yxusunu ərşə çəkib. Ona görə də onlar türk dünyasının daha da sıx birləşməsinin qarşısını almaq üçün Qazaxıstanda ortaq hərəkət etdilər.
Bu ittifaqın Qazaxıstanı hədəfə almasının bir səbəbi yuxarıda bəhs etdiyimiz N.Nazarbayev məqamı ilə bağlıdırsa, digər səbəbi də “Orta Asiyada ən böyüyü cəzalandıraq ki, kiçiklərin gözü qorxsun” prinsipinə əsaslanır. Yəni Böyük Turana gedən yolu dayandırmaq üçün Qazaxıstan ssenarisini işə salan Qərblə Rusiya digər Orta Asiya respublikalarına da “gözü çıxmış qardaş”ından dərs götürmək mesaji verir. Lakin nə olursa olsun türklərin qarşısını kəsə bilməyəcəklər.
Vətən boyda siyasətçi
Amma hadisələrin bu cür inkişafında qazaxıstanlı bacı-qardaşlarımızın da günahı yox deyil. Yəni nə qədər “despot”, “diktator” desələr də, Qazaxıstanı bu günə kimi susuz səhralıqdan inkişaf diyarına çevirən, müasir Qazaxıstanı ilmə-ilmə hörüb tikən məhz N.Nazarbayev idi. Lakin yazıqlar olsun ki, qazaxıstanlı bacı-qardaşlarımız şəxsi istəklərinə yenik düşdülər. Belə demək mümkünsə, çörək davasına qalxanlar müstəqil dövlətlərini itirmək təhlükəsi ilə üzləşə biləcəklərinin fərqində olmadılar.
Yeri gəlmişkən, ötən ilin sonlarında Türkiyədə oynanılan dollar oyunu kontekstində yaşananları müşahidə edərək bir yazı yazmışdıq. Həmin yazıda vurğulamışdıq ki, çörəksiz qalmaq olar, amma vətənsiz yox. Bəli, N.Nazarbayev, əslində, bir Vətən boyda siyasətçi idi. Təəssüflər olsun ki, bir litr yanacağın, bir tikə çörəyin arxasınca düşənlər nə N.Nazarbayevin, nə də müstəqil Qazaxıstanın hansı dəyərə malik olduğunu düşünmədilər.
Özü yıxılan ağlamaz
Nəticədə də öz ordusuna daş atan Qazaxıstandan olan bacı-qardaşlarımız bu gün özgə ordusunun, xüsusilə də onlara nifrət edən erməni ordusunun ayağı altında inildəyir. İndi sosial şəbəkələrdə Qazaxıstandakı bacı-qardaşlarımızın KTMT sülməramlılarının ölkədən çıxmasını tələb etmələri barədə məlumatlara rast gəlirik. Düzdür, KTMT sülhməramlıları nə zamansa Qazaxıstanı tərk edəcəklər. Amma bu prosesin tezliklə baş verəcəyini gözləmək sadəlövhlük olardı. Çünki yaxın günlərdə KTMT sülməramlıları tərəfindən “zərərsizləşdirməsi vacib hələ xeyli terrorçunun mövcudluğu” barədə xəbərlərin dolaşacağı ehtimalı böyükdür.
Yəni bu “terrorçu təmizləmə” əməliyyatı aylarla sürə bilər. Elə ona görə də, indiki durumda sadəcə Qazaxıstandan olan bacı-qardaşlarımıza bir ata sözünü xatırlatmaq yerinə düşər: Özü yıxılan ağlamaz!