Son yeniləmə: 7 Yanvar 2022 10:11
Yücel Karauz: Qazaxıstandakı son hadisələr istər-istəməz sovetlərin Əfqanıstana hərbi müdaxiləsini yada salır
Bayraqdar.info – “Bu hadisələr fonunda 1979-cu ildə SSRİ-nin Əfqanıstana hərbi müdaxiləsini xatırlamalı oluruq. Çünki Qazaxıstandakı son hadisələrin Sovet imperiyasi tərkibində olan türk respublikalarının azadlığa qovuşmasının 30-cu ildönümünə təsadüf etməsi istər-istəməz sovetlərin Əfqanıstana hərbi müdaxiləsini yada salır”.
Bunu Qazaxıstandakı olayları bayraqdar.info-ya dəyərləndirən Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.
Orta Asiyada yeni bir tarixi dönəmin başladığını deyən türkiyəli general bildirib ki, artıq heç nə keçmişdəki kimi ola bilməz: “İctimaiyyətin etirazları, cəmiyyətin etiraz aksiyaları keçirməsi hər bir ölkədə ola bilər. İctimai hərəkatlar 1800-cü illərdən etibarən meydana gəlib. 1980-ci illərdən sonra isə buna yeni ictimai hərəkatlar deyilir. Yeni ictimai hərəkatlar müxtəlif siyasi, iqtisadi, ictimai, sosial hüquqlaırn tələbi istiqamətində inkişaf edir. Qazaxıstanda baş verən son etirazları da yeni ictimai hərəkatlar fonunda dəyərləndirmək mümkündür”.
Müsahibimiz deyib ki, ümumiyyətlə Qazaxıstanda baş verənlərdə həm daxili, həm də xarici amil rol oynayıb: “Bu amillərin təsiri altında proseslər daxili qarışıqlığa və vətəndaş qarşıdurmasına çevrildi. Bu isə özlüyündə müəyyən məqamları əks etdirir. Hadisələrin qısa sürədə, özü də bu formada inkişafının kökündə sadəcə “yanacağın qiymətinin qalxmasına edilən etirazın” dayandığnı düşünmək sadəlövlük olardı. Yəni Qazaxıstandakı hadisələri təkcə maddi imkansızlıq və gəlirlərin ədalətli bölünməməsi ilə bağlamaq düzgün olmaz. Bir sözlə, adi sosial tələblərlə başlayan etirazların çox qısa müddətdə qarşıdurma, vətəndaş müharibəsi, talan və yanğınların törədildiyi xaosa çevrilməsinin arxasında daxili siyasi hesablaşmaların, həmçinin xarici güc maraqlarının dayandığı şübhəsizdir”.
Y.Karauzun sözlərinə görə, bu hadisələrin Türk Dövlətləri Təşkilatının qurulmasından, türk dünyasında inteqrasiyanın daha da dərinləşməsinə doğru addım atılmasından sonraya təsadüf etməsi də düşündürücüdür: “Eyni zamanda, qısa müddət ərzində, özü də tez-tələsik Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının “sülhməramlı” adlandırılan hərbi kontingentinin Qazaxıstana dəvət edilməsi və yerləşdirilməsinə də bu kontekstdə baxmalıyıq. Hesab edirəm ki, Türkdilli Dövlətlər Təşkilatı bu məsələni diqqətdə saxlamalıdır. Düzdür, təşkilatın silahlı gücü yoxdur, amma mütləq toplanmalı, bölgəyə müşahidəçi göndərməli və ölkədə sabitliyin bərpa olunması üçün vasitəçilik etməlidir. Qazaxıstanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Ermənistanın insafına buraxmaq olmaz”.
“Unutmaq olmaz ki, Türk Dövlətləri Təşkilatının yaranmasında və böyüməsində Qazaxıstanın, o cümlədən Nursultan Nazabayevin böyük rolu olub. Ölkədaxili proseslərdə Rusiyanın mövqeyinin zəiflədilməsi, rus dilinin ikinci dilə çevrilməsi, qazax əlifbasının kirildən latına keçməsi və təşkilatdakı rolunun artması bu hadisələrin əsas qaynağıdır”, – deyə müsahibimiz əlavə edib.