Press "Enter" to skip to content

Demokratiya dedilər, Rusiya işğalı üçün qapıları açdılar

Azər Həsrət

Bayraqdar.info – Gördünüz nələr oldu? Ən qorxduqlarımız baş verdi qardaş Qazaxıstanda. İllərdir Azərbaycanın haqqında həyəcan təbili çaldığı 5-ci kolon tam gücüylə Qazaxıstana hücuma keçdi və ölkəni bir anda qarışdırmağı bacardı.

Elə bir durum yarandı ki, müstəqillyinin 30 illiyini cəmi 15 gün öncə – 16 dekabr 2021-də təmtəraqla qeyd edən ölkə 1 yanvar 2022-də bir anda qarışdı. İnsanlar öldü. Özü də az sayda deyil.

Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayevin yanvarın 7-də xalqa müraciətində qeyd edildi ki, təkcə Almatıda yüzlərlə mülki şəxs, hərbçi və polis öldürülüb. Ölkədə bir terror və xaos yeli əsməkdədir. O da bildirilib ki, ilkin hesablamalara görə, bir neçə gün ərzində Qazaxıstana ən azı 100 milyon dollarlıq zərər dəyib.

Dükan-bazar dağıdılıb, yağmalanıb. Yollarda istər dövlətə, istərsə də vətəndaşlara aid nəqliyyat vasitələri yandırılıb. Bir sıra dövlət qurumlarının binaları da həm talan edilib, həm də yandırılıb. Jurnalistlərə basqın edilib, aralarında yaralananlar var.

Bütün bunlar Qazaxıstanda “demokratiya” adına baş verir. “Narazılar” ölkəyə “demokratiya” gətirmək istəyirmiş…

Mənzərə həqiqətən də içlər acıtacaq qədər ağırdır. Qardaş ölkə Orta Asiyada özünün sabitliyi, inkişafı, qonşu dövlətlərlə münasibətləri baxımından çox irəli getmişdi. Görünür, bu irəliləyiş də bədxahları özündən çıxardı.

İndi Qazaxıstan özünü könüllü şəkildə KTMT adı altında maskalanmış Rusiyaya təslim edib. Rəsmən həm də. Əslində, bu bir işğaldır. Bildiyimiz Rusiya işğalı. Amma elə icra edilir ki, sanki Rusiya Qazaxıstanın tək qurtuluş mələyidir…

Necə oldu bütün bunlar? Nə baş verdi ki, Qazaxıstanın dövlət avtoriteti 30 il sonra yenidən rus çəkmələrinin altına atıldı? Kimdir səbəbkar, günahkar?

Biz illərdir bu səbəbkarları-günahkarları nişan veririk. Elə Azərbaycanda da. 5-ci kolon dediyimiz bir qüvvə var. O həm Azərbaycanda, həm də Azərbaycan kimi digər ölkələrdə gecəli-gündüzlü çalışmaqdadır.

Qazaxıstanın “könüllü” şəkildə Rusiya işğalına qucaq açması elə-belə hadisə deyil. Bu, planlı və məqsədyönlü fəaliyyətin nəticəsidir. 5-ci kolon ölkədə illərdir bunun üçün zəmin yaradırdı. Nəticə də göz önündədir.

Rusiya sözdə bəyan etdiyi kimi, SSRİ-nin şinelindən çıxmış ölkələr üçün xoş məramlı qonşu deyil. Bu dövlət velikorus şovinizmindən heç vaxt imtina etməyib, bu gün də etmir. Ona görə də bizim kimi ölkələrlə münasibətlərini üzdə bir cür, arxada başqa cür qurur və içimizdə 5-ci kolonunu ayaqda tutur.

Biz də o 5-ci kolonu gördüyümüz üçün vaxt-vaxtdan həyəcan təbili çalırıq, insanları ayıq-sayıq olmağa çağırırıq, bir də baxırıq ki, özümüz hədəfə alınmışıq. Başımızı elə qatırlar ki, gözümüzü açanda görürük ki, qatar artıq gedib…

Qazaxıstan olaylarında şiddətli bir şəkildə diqqət çəkən bir də nədir, bilirsinizmi? İnformasiya təhlükəsizliyi! Bu günün özündə belə Qazaxıstandakı çoxsaylı müstəqil mənbələrimizlə əlaqə saxlaya bilmirik. Tək informasiya qaynağımız Moskva üzərindən gələn və idarə edilən kanallardır. Yəni biz Moskvanın uyğun gördüyü informasiyalarla qidalanmağa məcbur edilmişik.

Niyə belə olub? Ona görə ki, Qazaxıstan ötən illər ərzində özünün müstəqil beynəlxalq informasiya infrastrukturunu yetərincə qura bilməyib. Amma buna rəğmən Rusiya Qazaxıstanın içində özünün informasiya şəbəkələrini qurub, möhkənləndirib və duruma hakim edib! Məhz bu səbəbdən Qazaxıstan xəbərləri dünyaya Moskvanın süzgəcindən keçməklə yayımlanır. Bizim üçün də dərs götürüləsi durumdur.

Haşiyə: 1990-cı ilin 20 yanvar faciəsini hər kəs xatırlayır. Şəxsim o olayların birbaşa içində olmuşam. Gözümlə görmüşəm, rus tanklarının qarşısında olmuşam, avtomat güllələri yanımdan ötüşüb. O da yadımdadır ki, indi Qazaxıstanda olduğu kimi, o dönəmin dövlət rəhbəri Abdurahman Vəzirov Sovet (əslində Rusiya) qoşunlarını “təxribatçıları zərərsizləşdirmək üçün” Azərbaycana dəvət etmişdi. Nəticə nə olmuşdu? Rəsmi rəqəmlərə görə, 132 şəhid və milyonlarla dollarlıq zərər. Səbəbkarı da birbaşa rus işğalçıları idi! Həm də o dönəmdə bizim də informasilaramız dünyaya Moskvanın süzgəcindən keçərək yayımlanırdı. İndi Qazaxıstanda olduğu kimi…

Qazaxıstana olan oldu, biz diqqətli olmalıyıq. Elə etməliyik ki, bu oyunları bizim də başımıza açmasınlar. Düzdür, ənənəvi radikallar və qaragüruh Qazaxıstanda baş verənləri “xalqın etirazı” kimi qələmə verib bizdə də insanları qızışdırmaq istəyir. Amma bir şeyi unudurlar ki, Azərbaycan xalqının öz səhvlərindən öyrənməyi mərhələsi arxada qalıb. Biz artıq uzun müddətdir ki, başqalarının səhvlərindən öyrənməyə üstünlük veririk.

Bu arada onu da əlavə edək ki, KTMT-nin Qazaxıstana dəvət edilməsi, ildırım sürətilə dəvətin qəbulu və icrası özlüyündə bu qurumun oyuncaq və Rusiyanın maşası olduğunu bir daha təsdiqlədi. Çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yalnız üzv dövlətlərə xarici müdaxilə olacağı təqdirdə ortaq köməyə dəvət edilə və gələ bilər. Hazırda isə Qazaxıstana hər hansı xarici müdaxilə yox idi. KTMT adı altında yanvarın 6-dan Rusiya qoşunlarının ölkəyə yeridilməsilə bu müdaxilə baş vermiş oldu.

Qeyd edək ki, 3 mini Rusiyadan olmaqla ümumilikdə 3 min 950 nəfərlik KTMT hərbi qüvvəsi Qazaxıstana yerləşdirilir. Onlardan 500-ü Belarusa, 200-ü Tacikistana, 150-si Qırğızıstana, 100 nəfəri isə Ermənistana aiddir. Yəni qosqoca Qazaxıstan Prezident İlham Əliyevin dəmir yumruğundan hələ də belini dikəldə bilməyən Ermənistanın da hərbi dəstəyi ilə öz daxilində nizam-intizam yaradacaqmış…

Sözardı: Xəbərlərdə qeyd edilir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə Qazaxıstandakı durumu və ondan çıxış yollarını müzakirə edib. Ey gidi dünya…

Mission News Theme by Compete Themes.