Son yeniləmə: 7 Yanvar 2022 10:16
Bayraqdar.info – “Beynəlxalq Türk Akademiyası xuliqan ünsürlərin müstəqilliyə və ərazi bütövlüyünə qarşı qanunsuz hərəkətlərini qətiyyətlə pisləyir”.
Bu sözlər Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralının Qazaxıstandakı siyasi vəziyyətlə bağlı bəyanatında öz əksini tapıb.
Qurumdan verilən məlumata görə, bəyanatda daha sonra deyilir: “Biz dinc əhalinin həyatına təhlükə yaradan, ictimai asayişi pozan hər cür terrorun, dövlətçiliyin əsaslarını sarsıdan zorakı hərəkətlərin qəti əleyhinəyik.
Biz Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Toqayevin qəbul etdiyi qərarları, eləcə də davam edən antiterror əməliyyatına tam dəstəklədiyimizi bildiririk.
Hesab edirik ki, bu sınaq saatında bütün cəmiyyətin birliyi və ölkə rəhbərliyinin bütün vətəndaşlar tərəfindən dəstəklənməsi vacibdir”.
Bəyanatda vurğulanır ki, Qazaxıstanda sabitliyin tezliklə bərpası qardaş türk ölkələri üçün son dərəcə əhəmiyyətlidir: “Bu səbəbdən də bu çətin dövrdə ölkədə ictimai-siyasi sabitliyin tezliklə bərpa olunmasını arzulayırıq”.