Son yeniləmə: 6 Yanvar 2022 01:30
Bayraqdar.info – Həyatda istədiyimiz mövqeyə sahib olmaq üçün atacağımız addımları öncədən planlaşdırmalıyıq. Bu istiqamətdə ilk növbədə bizə faydası olmayan işləri həyatımızdan silib, bəyəndiyimiz işlərlə məşğul olmalıyıq.
Bunu ekspert Cavid Əmirov Eskişehirdə təhsil alan azərbaycanlı tələbələr qarşısındakı təqdimat zamanı deyib. Xatırladaq ki, Eskişehir Azərbaycanlılar Dərnəyinin ənənəvi olaraq təşkil etdiyi “Çərşənbə söhbəti”nin bu dəfəki mövzusu “Şəxsi inkişafın planlaşdırılması” olub.
Dərnəkdən bayraqdar.info-ya verilən məlumata görə, mövzu ilə bağlı təqdimatla çıxış edən C.Əmirov şəxsi inkişafın və motivasiyanın gələcək həyat planlarına təsirlərindən danışıb.
Qarşılıqlı dialoq şəraitində keçən tədbir zamanı həmçinin Maslovun “Ehtiyaclar nəzəriyyəsi” ətrafında müzakirə aparılıb.
Ekspert gənclərin karyera planlaşdırılmasında yalnız universiteti bitirməklə özlərini təkmilləşdirə bilməyəcəyini deyib. C.Əmirov bu istiqamətdə uğur qazanmaq üçün müxtəlif tədbirlərdə, konfranslarda, fəaliyyətlərdə iştirak etməyin vacibliyi vurğulayıb. Natiq öz təcrübələrinə əsaslanaraq gənclərə tövsiyələr verib.
Sonda dəyərli bilgiləri paylaşdığı üçün C.Əmirova təşəkkürnamə təqdim olunub.