Son yeniləmə: 7 Yanvar 2022 09:25
Bayraqdar.info – Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan Türk Dövlətləri Təşkilatının dönəm başqanı olaraq Qazaxıstanda baş verənlərlə bağlı təşkilata üzv ölkələrin başçılarıyla telefon danışığı aparıb.
Anadolu Ajansının Türkiyə Cumhurbaşkanlığı İletişim Başkanlığına istinadən verdiyi xəbərə görə R.T.Erdoğan Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev, Azərbaycan Prezidenti İlham Əliyev, Qırğızıstan Prezidenti Sadır Caparov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə telefon danışığı zamanı Qazaxıstandakı son hadisələrlə bağlı fikir mübadiləsi aparıb.
Vurğulanıb ki, Q-J.Toqayevlə telefon danışığında Türkiyə Cümhurbaşqanı dost və qardaş Qazaxıstanda baş verənləri yaxından izlədiyini bildirib, hadisələrdə həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib.
Türkiyənin Qazaxıstanla həmrəy olduğunu ifadə edən R.T.Erdoğan, Türk Dövlətləri Təşkilatının da Qazaxıstanı dəstəklədiyini vurğulayıb.
Yeni hökumətin ən qısa zamanda qurulmasını və gərginliyin qısa zamanda sona çatmasını arzu edən R.T.Erdoğan, Qazaxıstan xalqının qarşılıqlı etimad və dialoq çərçivəsində problemlərin öhdəsindən gələcəyinə inandığını bildirib.
R.T.Erdoğan qeyd edib ki, Türkiyə lazım gələrsə, hər cür texniki bilik və təcrübəni paylaşmağa hazırdır.
R.T.Erdoğan Azərbaycan, Qırğızıstan və Özbəkistan prezidentləri ilə telefon danışığında Qazaxıstanın sabitliyi və təhlükəsizliyinin bütün region, xüsusən də qonşuları üçün vacib olduğunu vurğulayıb, qardaş Qazaxıstanın dialoq yolu ilə problemin öhdəsindən gələcəyinə əminliyini ifadə edib.