Son yeniləmə: 6 Yanvar 2022 12:50
Bayraqdar.info – “Nazir kimi fəaliyyətimin dördüncü ayı ötən ilin sonuna təsadüf etdi. Hesabat ayında ölkənin Şimal-Qərb və Dağlıq Şirvan bölgəsinə səfər çərçivəsində Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən, Şəki, İsmayıllı, Şamaxı, Qobustan Olimpiya kompleksləri və digər idman qurğularının fəaliyyətləri ilə tanış olduq. Müxtəlif idman növləri üzrə bölmələrin məşq proseslərini izlədik, idmançılarla görüşdük, məşqçi-müəllimlərlə fikir mübadiləsi aparıb, onların problemləri ilə maraqlandıq. Bu idman qurğularının potensialından, xüsusən də üzgüçülük hovuzlarından səmərəli istifadə imkanlarını müzakirə etdik”. Bu sözlər yanvarın 6-da Gənclər və idman naziri Fərid Qayıbovun illik hesabatında yer alıb.
Nazir bildirir ki, 2021-ci ildə Güləş, Badminton, Basketbol, Atıcılıq, Triatlon, Avarçəkmə, Stolüstü Tennis və Taekvondo federasiyalarının hesabat-seçki yığıncaqları keçirilib. Federasiyaların işi təhlil edilib, nöqsan və problemlər səsləndirilib, növbəti dövr üçün məqsəd və vəzifələr müəyyən olunub. Yeni rəhbərlik və seçilmiş idarə heyətləri ilə birgə regionlarda işin genişləndirilməsi, kütləviliyin artırılması, nəticələrə əsaslanan fəaliyyətin təşkili barədə müzakirələr aparılıb. Nazir qeyd edir ki, Stolüstü tennis və Atçılıq federasiyalarında vəziyyətlə tanış olub, Pauerliftinq Federasiyası milli yığma komandasının təlim-məşq bazasının açılışında iştirak edib.