Son yeniləmə: 6 Yanvar 2022 12:52
Şuşa İlində Şuşa haqqında qeydlər
Nadir İSMAYILOV – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin sədri
Bayraqdar.info – “Şuşada olmusunuz?” Ötən il dekabrın 25-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Elnur Bağırlının bu mesajı məni həyəcanlandırdı. Ürəyimdən və beynimdən həmin həyəcanqarışıq xoş bir gizilti keçdi. Bir anlıq onu düşündüm ki, görünür Şuşaya səfər olacaq. Düzdür, buna inamım (uşaqlıq illərinin acı təcrübəsi – N.İ.) çox az idi. Amma Elnur müəllimin bu sualı əbəs yerə verdiyini də düşünmürdüm. Nə isə ki, bu sual dolu gözlənti çox çəkmədi. Növbəti gün E.Bağırlı dekabrın 28-də QHT təmsilçilərinin bir qrupunun Şuşaya səfərinin təşkil ediləcəyini və mənim də həmin siyahıda yer alacağımı yazdı.
31 il öncə reallaşmayan arzu
Çox sevincli idim. O qədər sevincli ki, həmin an keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil. Sadəcə onu deyim ki, bir anlıq oturub bunu düşündüm: nəhayət ki, 31 illik arzum çin olur.
Sual oluna bilər ki, niyə 31 il? Məsələ burasındadır ki, biz orta məktəbdə oxuyarkən bir ənənə vardı. 11-ci sinifin məktəbdə keçirilən son zənginin rəsmi hissəsindən sonra məzunlar ya uşaqlardan birinin evinə yığışar, ya da bir neçə gün sonra gözəl təbiətə malik rayonların birinə gedib, bu günü qeyd edərdilər.
Biz də hələ Yevlaxda, Nizami adına 7 saylı orta məktəbin 9-cu sinifində oxuyanda, 1989-cu ildə oturub iki il sonranın planını cızırdıq. Birdən sinif yoldaslarımızdan biri (düzü dəqiq kimin dediyini tam xatırlamıram – N.İ.) dedi ki, “son zəng qonaqlığmızı Şuşada keçirsək əla olar”. Bu təklif hər kəsin, xüsusilə də mənim ürəyimcə oldu. Çünki hələ lap kiçik yaşlarımdan bir Şuşada olmaq istəyi vardı məndə. Lakin o istək reallaşa bilməmişdi.
Haşiyə 1: Deməli, anamın bibisi qızı vardı, biz də ona bibi deyərdik – Nəcibə bibi. Nəcibə bibi Yevlaxda baxçalardan birində işləyirdi. Sovet dönəmində hər yay Aran bölgəsinin rayonlarından olan baxça uğaqlarını dağ rayonlarına, xüsusilə də Şuşaya yay düşərgəsinə aparardılar. Nəcibə bibi bir neçə dəfə məni də aparmaq istəsə də anam razı olmamışdı. Elə o vaxtdan daxilimdə bir Şuşa istəyi qalmışdı.
Beləliklə, düşündüm ki, son zəngi Şuşada keçirsək, nəhayət bu gözəl diyarı görmək mənə də nəsib olacaq. Amma atalar düz deyiblər ki, sən saydığını say, gör fələk nə sayır. Bizim durumumuzda isə bu fələk rolunda ermənilər çıxış etdi.
Bəlli olduğu kimi 1989-cu ilin yayından etibarən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafında ermənilər silsilə terror aktları törətməyə başladılar. 1990-cı ildə bu hal daha da intensivləşdi. Vəziyyət o həddə çatdı ki, biz bu arzumuzu reallaşdıra bilmədik. Xüsusilə də 1991-ci il yanvarın 9-da Laçın-Şuşa yolunda 5 nəfərlik erməni terror qrupunun “Molodyoj Azərbaycana” qəzetinin müxbiri Salatın Əsgərovanı və 2 nəfər hərbçini qətlə yetirməsi artıq Şuşada hər hansı bir son zəng tədbrinin keçirilməsinin qeyri-mümkün olacağı qənaətini tam möhkəmləndirdi.
Düzdür, biz özümüzə “inşallah, ali məktəbə daxil olarıq, növbəti illərin birində görüşüb Şuşaya gedərik” sözləri ilə təsəlli verməyə çalışırdıq. Lakin 1992-ci il mayın 8-də Şuşanın işğalı ilə bizim təsəllimizin, ümumiyyətlə Şuşaya getmək arzumuzun üstündən qara bir xətt çəkildi. Yəni digər arzularımız mərhələ-mərhələ çin olsa da, Şuşa arzumuz reallaşmadı. Bu nisgilimizə isə yalnız 2020-ci ildə, 44 günlük Vətən müharibəsinin nəticəsində son qoyuldu.
Həmin vaxt hər gün biz Müzəffər Ali Baş Komandanın qələbə müjdəli tvitlərini oxuyur, növbəti gün daha hansı kəndin, qəsəbənin, şəhərin azad olunacağına dair xəbərin veriləcəyini səbrsizliklə gözləyirdik. Bu qələbə tvitləri fonunda həm də daxilimizdə “görəsən, Allah bizə Şuşanın da azad olunması xoşbəxtliyini yaşadacaqmı” sualı baş qaldırırdı.
Nəhayət o xoşbəxtlik bizə nəsib oldu. Cənab Ali Baş Komandan Şəhidlər Xiyabanından xalqa müraciət edərək “Əziz Şuşa, sən azadsan!” müjdəsini verdi.
Qalib xalqın övladları
Həmin vaxt Azərbaycan xalqının hansı hissləri keçirdiyi barədə indiyə qədər dəfələrlə yazlıb, deyilib. Mən sadəcə olaraq həmin gün övladlarımla aramızda keçən bir söhbəti xatırlatmaq istəyirəm.
Cənab Prezidentin Şuşa müjdəsini televiziyadan eşidəndən sonra qızım Şəmsiyə “ata, biz xoşbəxtik, bu günü gördük” dedi. Ona cavab olaraq “qızım, bəli, bütün Azərbaycan xalqı xoşbəxtdir. Çünki bu günü gördük. Qalib Azərbaycanı gördük. Torpaqları işğaldan azad olunmuş Azərbaycanı gördük. Amma sizlər, Şuşanın işğal edilməsini görməyənlər ikiqat xoşbəxtsiniz. Çinki siz Qalib Azərbaycanın övladlarısınız. Çünki siz bizdən fərqli olaraq o müdhiş, dəhşətli, hər günündə bir neçə kəndin, qəsəbənin düşmən işğalına məruz qaldığı Azərbaycanı görməmisiniz. Biz isə həm məğlubiyyətli günlərin ağrı-acısını hiss etmiş, yaşamış, həm də bu qələbə dolu günləri görmüş bir nəsilik”, – dedim.
Onu da dedim ki, bu günlərin qədrini bilin və unutmayın. Heç nəyi unutmayın! Qələbəmizin hansı çətinliklərlə, qəhrəmanlıqlarla əldə edildiyini unutmayın. Bir də düşmənimizin kimliyini unutmayın. Xocalını törədənlərin kimliyi beyninizin dərin bir hissəsinə əbədi həkk olunsun. Həkk olunsun ki, bizdən, sizdən öncəki nəslin düçar olduğu unutqanlıq bəlasına siz də tuş gəlməyəsiniz! Bu düşmənin kimliyini unutmamaq məsələsinə irəlidə yenidən toxunacağıq. Hələlik isə keçək səfər təəssüratlarına.
Hər qarışı qəhrəmanlıq salnaməsi olan Zəfər yolu
Beləliklə, dekabrın 28-i səhər erkəndən bizi Şuşaya aparacaq avtobuslara minirik. Burada həm də QHT rəhbərləri olan jurnalist həmkarlarımı görürəm. Bir avtobusda yola çıxdığımız həmkarım Elman Cəfərli ilə Şuşada atacağımız ilk addımı götür-qoy edirik.
Bu söhbətlərin fonunda bir də eşidirik ki, artıq Zəfər yoluna qədəm qoymuşuq. Hər qarışı qəhrəmanlıq salnaməsi olan Zəfər yoluna. O yol ki, igid, cəsur, qorxubilməz əsgərlərimiz irəliləyərək Şuşa dastanını yazdılar Vətən müharibəsində. O yol ki, sonunda bir QALİBİYYƏT vardı. Bundan sonra uzun illər, əsrlər boyu tarix və hərb kitablarında bəhs ediləcək QALİBİYYƏT! O yol ki, Şuşasızlığa son qoydu.
Təbii ki, bu yolla irəlilədikcə həm də düşmənin vurduğu yaraları, törətdiyi vəhşilikləri, göreşən kimi dağıtdığı qəbirləri, sındırdığı qəbir daşlarını seyr edirik. Əlbəttə, bizim gördüklərimiz düşmənin cinayətkar əməllərinin heç bəlkə də bir faizi deyil. Bu düşmən təkcə insanlarımıza deyil, bizim rayon, şəhər, kənd və qəsəbələrimizə qarşı da soyqırımı törədib. Necə deyərlər, daşı daş üstündə qoymayıb.
Əslində, düşmənin bu əməllərinə görə təəccüblənmək lazım deyil. Çünki düşmənlərimiz çox yaxşı biliblər ki, bu torpaqlar, bu yurdlar onların deyil. Gec-tez bu torpaqların gerçək sahibləri qayıdacaqlar. Bəlkə də bu torpaq onları o qədər qovub-qovurub ki, hirslərini bu cür vəhşiliklərlə söndürməyə çalışıblar. Həmin vəhşiliklərlə də dünya insanlıq tarixinə öz qanlı imzalarını atıb, necə deyərlər, “mənəvi dünyaları”nın rəsmini çəkiblər. Bu gün işğaldan azad olunmuş torpaqlara baş çəkən hər bir əcnəbi o torpaqlarda erməni faşizminin cinayətkar əməllərinin nəticələrini öz gözləri ilə görür.
Müasir dövrün Çanakkale savaşı
Bu fikirlərin ağuşunda o sıldırım qayalara yaxınlaşırıq. O qayalara ki, 2020-ci ildə soyuq noyabr günlərində igid, mərd Azərbaycan övladları, qəhrəman Azərbaycan əsgərləri misilsiz şücaət göstərib, mümkünsüzü mümkün ediblər. Bu igidliyi nümayiş etdirən övladları böyüdən xalqa mənsub olmaq bir ayrı xoşbəxtlikdir.
Biz eyni hissləri Elmanla birlikdə Cıdır düzünə ilk ayaq basanda da keçirdik. Həmin məkandan ətrafa baxanda bir anlıq o döyüş səhnələrini xəyal etmək istədim. İgidlərimizin bu sıldırım qayalara dırmaşaraq düşmənə öldürücü zərbə vurması, o anda keçirdikləri hisslər və Şuşaya üçrəngli bayrağımızın sancılması.
Haşiyə 2: Düzü, mən Şuşa döyüşlərini müasir dövrün Çanakkale savaşı adlandırardım. Şuşanı azad etmək üçün o sıldırım qayalara dırmanan igir əsgərlərimizi də Seyid onbaşı kimi tanınan Seyid Ali Çabuk ilə müqayisə edərdim. Xatirimdədir, jurnalist həmkarlarımla Çanakkaledə səfərdə olarkən həmin yerləri qarış-qarış gəzərkən düşünürdük ki, o zaman türk xalqı misilsiz qəhrəmanlıq göstərib. Mümkünsüzü mümkünə çevirib. Bir anlıq savaşın da, dünyanın da qədərini dəyişib. Çəkinmədən deyə bilərəm ki, eyni şücaəti igidlərimiz Şuşada göstəriblər.
Seyid Ali Çabukdan söz düşmüşkən, 1915-ci ilin martında Çanakkaledə Kilitbahir qəsri yaxınlığındakı döyüş zamanı Seyidin hər biri təxminən 275 kq ağırlığında olan 3 ədəd 240 mm-lik mərmini topa qaldırması döyüşün taleyini həll edir. Deyirlər, savaşdan sonra ondan xahiş edirlər ki, həmin mərmini bir də kürəyinə götür, şəkil çəkək. Lakin Seyid nə qədər çalışırsa mərmini qaldıra bilmir. Səbəbini soruşanda isə cavab verir ki, bunun üçün həmin anda yaşanan həyəcan lazımdır.
Hesab edirəm ki, həmin vaxt Seyidə həyəcanla yanaşı uca Tanrı da bir güc verib. Necə ki, Şuşa döyüşlərində uca Tanrı igidlərimizə yardımçı olub. Həmin döyüşlərdə igidlərimizə həm də şəhid olan döyüş dostlarının ruhu yardımçı olub. O şəhidlərin ki, bu gün azad Şuşanın küçələrində gəzəndə ad və soyadlarına evlərin, məhəllələrin divarlarında rast gəlmək mümkündür. Bu adlarla yanaşı belə bir qeydə də rast gəlmək olur: “Qisas alındı”.
Yaralı olsa da dik dayanan Şuşa
Ümumiyyətlə, biz Şuşada bir qürur, fədakarlıq, əzəmət gördük. Şuşa mənə çoxsaylı yaralar alsa da düşmən qarşısında əyilməyən, taqətdən düşsə də sabaha inamını itirməyən bir insanı xatırlatdı.
Bəli, bu gün Şuşamızın yaraları çoxdur. Divarları güllələrdən dəlik-deşikdir. Sinəsində çalın-çarpaz yaralar var. Amma sanki digər şəhər və rayonlarımızdan fərqli olaraq Şuşa, dediyim kimi, dik dayanıb. Dağlar oğlu kimi öz əzəmətini, gözəlliyini qoruyub. Ermənilər nə qədər istəsələr də Şuşanı özlərinə tabe etdirə biməyiblər. Ona görə də qisaslarını Allahın evindən – məsciddən çıxıblar. Ona görə də qisaslarını Vaqifin məqbərəsindən alıblar.
Amma bu gün həmin məqbərə yenə də öz gözəlliyi ilə dostları sevindirir, düşmənləri isə kədərə qərq edir. O məqbərinin tez bir zamanda bərpa edilməsi Azərbaycan dövlətinin qüdrətinin nəticəsidir. O məqbərənin tezliklə bərpa edilməsi başda cənab Prezident İlham Əliyev olmaqla Azərbaycan xalqının öz torpağına, ziyalısına dəyərinin nəticəsidir.
Bu gün o məscid də bərpa edilir. Mənfur düşmənin vaxtı ilə donuz saxladığı Allahın evi tezliklə ziyarətə açıq olacaq və orada ibadət edənlər Şuşanı bizə qaytaran zaman şəhid olanların ruhuna dua oxuyacaqlar.
Haşiyə 3: Biz Şuşaya getməzdən bir neçə gün əvvəl o tərəflərə qar yağmışdı. Yollar buz bağlamışdı. Bərk soyuq vardı. Amma Şuşa bizi günəşli qarşıladı. Sanki bu günəş Şuşanın gülüşü, təbəssümü idi. Şuşa doğmalarının üzünə təbəssümlə baxır, onlara isti davranırdı. Çünki bilirdi ki, artıq bu şəhərə ayaq basanlar bu torpaqların əzəli və əbədi sahibləridir. Bilirdi ki, onu bir daha yad – düşmən əlinə verməyəcəyik. Bilirdi ki, bundan sonra öz inkişafına görə dünyanın ən gözəl şəhərlərini belə geridə qoyacaq.
Hamımız Şuşalı olmalıyıq
Cıdır düzündə olarkən həmkarımız Asəf Quliyevin böyük həvəslə ətrafdakılara, yəni Bakıdan gedənlərə Şuşa haqqında məlumat verdiyini müşahidə etdik. Az qala Şuşanın hər küçəsi barədə böyük həvəslə danışırdı Asəf. Mən də həmin anları fotoxatirə olaraq qeyd etdim. Bu vaxt dostlardan birinin “Asəf Şuşalıdır” sualına digərinin cavabı belə oldu: “Yox, Şuşalı deyil. Amma indi biz hamımız mənən Şuşalı olmalıyıq. Asəf kimi Şuşanı qarış-qarış öyrənməli və başqalarına öyrətməliyik”.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin 2022-ni “Şuşa İli” elan etməsi, əslində bir çağırış olmalııdr bizlər üçün. Həmin dostun da qeyd etdiyi kimi, indi hamımız mənən Şuşalı olmalıyıq. Bu kontekstdə mən bu səfərin təşkilinə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür etməklə yanaşı, səfərdə iştirak edən və gələcəkdə də işğaldan azad edilmiş torpaqlara səfər edəcək istər QHT və media təmsilçilərinə, istərsə də digər ziyalı təşkilatlarının nümayəndələrinə müraciət etmək istəyirəm. Gəlin, çəkilən bu zəhməti yetərincə dəyərləndirək. Hər birimiz əlimizə düşən imkandan istifadə edərək Azərbaycan həqiqətlərini səfər təəssüratlarının fonunda həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq birliyə çatdıraq. Çatdıraq ki, dünya bir daha bizim gözümüzlə erməni vəhşilyini görsün. Çatdıraq ki, bizdən sonra gələn nəsil bizdən öncəkilərin düçar olduğu unutqanlıq bəlasına tuş gəlməsin.
Haşıyə 4: Bugünlərdə sosial şəbəkələrdə bir video izlədim. Bir erməni hay-küy salmışdı ki, bəs, azərbaycanlı şagirdlərə ermənilərin düşmən olduğu aşılanır. Məsələ bundadır ki, məktəblərin birində dərs keçən müəllim uşaqlardan düşmənlərimizin kim olduğunu soruşur. Uşaqlar da düşmənlərimizin Xocalı soyqırımını törətdiklərini deyir. Əslində o hay-küy salan erməninin narahatlığını başa düşürəm. Onlar düşünürlər ki, azərbaycanlılar beş-on il sonra yenə də ötənləri unudub, erməniyə “qardaş” deyəcək. Bunlar da yenə altdan-altdan öz çirkin xislətlərinə uyğun işlər görəcəklər. Amma yox. Yeni nəsil erməniyə sadəcə qonşu kimi hörmət edə bilər. Çünki başqa çarəmiz yoxdur. Yeni nəsil bilməlidir ki, erməni faşizmi nədir və cinayətkardan, qan tökəndən heç vaxt qardaş ola bilməz.
Hesab edirəm ki, bizlər də zaman-zaman bu məsələnin üzərinə qayıtmalıyıq. Uşaqlarımıza ermənini öpüb bağra basmağı yox, qəhrəmanları ilə fəxr etməyi, Vətən savaşının hər anını dərindən öyrənməyi təlqin etməliyik.
Yazımın sonunda bir təklifimi də səsləndirmək istəyirəm. Bir neçə il öncə cənab Prezidentin təşəbbüsü ilə gözəl bir ənənənin əsası qoyulub. “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində tətil günlərində məktəblilər rayonlara, şəhərlərə səfər edirdi. Arzu edək ki, pandemiya tezliklə bitsin və o layihə yenidən bərpa olunsun. Bax, həmin vaxt Respublikanın fəal məktəblilərinin Şuşaya səfəri təşkil edilməlidir. Onlar Zəfər yolu ilə getməli, düşmənin vəhşiliklərini öz gözləri ilə görməli, Cıdır düzündə qalib xalqın övladı kimi fəxrlə gəzməli, sonra isə gördüklərini yazı halına salmalıdırlar. Salmalıdırlar ki, getməyənlər də Şuşanı onların gözü ilə görsünlər və hər zaman Vətənin sahibi kimi ayıq-sayıq olsunlar.
Elə Yuxarı Gövhər Ağa məscidindəki duamızı bu arzu ilə tamamladıq. Dua etdik ki, uca Allah Azərbaycanımıza daim uğur və qalibiyyət bəxş etsin!