Son yeniləmə: 6 Yanvar 2022 15:26
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin iyun ayında başladılan “Məşğulluq marafonu”na bugünədək 602 işəgötürən (52,5faizi dövlət, 47,5 faizi özəl) qoşularaq 3932 vakansiya təqdim edib.
Bu barədə bayraqdar.info-ya yanvarın 6-da ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən marafonun məqsədi Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış şəxslərin məşğulluğuna dəstək verməkdir.
Qeyd edilib ki, marafona təqdim edilən vakansiyalar üzrə həmin kateqoriyalardan olan artıq 1433 nəfər (248 şəhid ailəsi üzvü və 1185 iştirakçı) işlə təmin olunub. Hazırda da vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.
“Məşğulluq marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlar isə özləri haqqında məlumatları linkə daxil olmaqla qeyd edə bilərlər.