Son yeniləmə: 5 Yanvar 2022 09:57
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətində yanvarın 23-də keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlıq davam edir. Bu arada Yüksek Seçim Kurulu (YSK) seçkilərlə bağlı daha bir qərar qəbul edib.
Bununla bağlı yayılan məlumatda deyilir ki, YSK növbədənkənar seçkilərlə bağlı radio və televiziyada yayımlanacaq reklam və təbliğat haqqını, o cümlədən müddətlərini müəyyən edib. YSK-nın qərarına əsasən, seçkilərdə iştirak edən siyasi partiyalara, o cümlədən hər bir müstəqil namizədə gündə ən çox 5 dəfə televiziyada reklam vermək hüququ veriləcək. Reklam müddəti isə hər dəfə maksimum 90 saniyə olacaq.
Seçkilərdə iştirak edən siyasi partiyalara və hər bir müstəqil namizədə 10 dəqiqədən çox olmayan, həftədə bir dəfə və ən azı 5 dəqiqəlik təqdimat filmi yayımlamaq hüququ da veriləcək.
Qərara əsasən, həmçinin seçkilərdə iştirak edən siyasi partiyalara və hər bir müstəqil namizədə gündə maksimum 5 bannerlə reklam vermək hüququ veriləcək. Bir şərtlə ki, reklamın müddəti hər dəfə maksimum 10 saniyə olmalıdır.
Radioda isə seçkilərdə iştirak edən siyasi partiyalara və hər bir müstəqil namizədə müddəti hər dəfə maksimum 90 saniyə olmaqla, gündə maksimum 5 dəfə reklam vermək hüququ veriləcək.
Seçkilərdə iştirak edən siyasi partiyalara və hər bir müstəqil namizədə 10 dəqiqədən çox olmayan, həftədə bir dəfə və ən azı 5 dəqiqəlik təqdimat proqramı yayımlamaq hüququ da veriləcək.