Press "Enter" to skip to content

Urmu əfşarlarından bəhs edən tarixi kitab

Bayraqdar.info – Bu yaxınlarda “Urmu Əfşar xanlığı və Azərbaycan milli dövləti quruluşunun müxtəsər tarixi” adl kitab işıq üzü görüb. Kitabın müəllifi Güney Azərbaycan Milli Dirəniş Təşkilatı Mərkəzi Şurasının üzvü Məcid Cavadi Arazdır.

Sözgedən kitabda Əfşar elinin Urmu (Urmiya) üzərində çoxəsrlik hökmranlığı və Urmu əfşarlarının Azərbaycanda müstəqil dövlət qurmaq cəhdlərindən bəhs edilir.

Müəllifin bayraqdar.info-ya verdiyi məlumata görə, kitabda tarixi mənbələrə istinad edilib. Vurğulanıb ki, bu mənbələrə əsasən Urmu əfşarları ən az iki dəfə, Fətəli Xan Əfşarın (1757-1762) və Məməd Qulu Xan Əfşarın (1783-1795) hakimiyyəti dövründə Azərbaycanın şimalından (Dərbənd) cənubuna qədər (Zəncan), bir dəfə də Cəmşid Xan Məcd-ül-Səltənə Əfşar-i Urumi öndərliyində 1918-ci ildə Güney Azərbaycanda müstəqil Azərbaycan dövləti qurmağa çalışıblar.

Kitabın başqa bir önəmli tərəfi də var: “Belə ki, bu kitabda əks olunun tarixi faktlar Güney Azərbaycanın qərb bölgəsinə göz tikib, orada “ikinci Qarabağ” problemi yaratmağa çalışan terrorçu qüvvələrə və onların “iddialarına” tutarlı cavabdır. Çünkü kitab tarixi qaynaqlarda “Urmu ölkəsi” (ölkə-yi Urumi) adlanan, Urmu gölünün qərb bölgəsində yüz illərdən bəri mütəmadi olaraq türk ellərinin var olduğunu və hakimiyyət qurduğunu tarixi faktlarla bir daha sübüt edir”.

Kitab Ərəb əlifbası və Fars dilində yazılmış olsa da yazarın dediyinə görə əsər qısa zamanda Azərbaycan türkcəsinə də çevriləcək.

Kitabın arxa qapağındakı tanıtım yazısında bu sətirlər yer alır:“Fars dilində “Olka-yi Urumi” kimi qeydə alınan və əsasən Urmu gölünün qərb bölgəsini əhatə edən “Urmu ölkəsi” bütün tarixi mənbələrə görə Azərbaycanın əsas tərkib hissələrindən biri olmuşdur. Müxtəlif nəzəriyyələrə görə, türklər Qərbi Azərbaycanda min illərdən bəri yaşayırlar. Amma bununla yanaşı, qəznəvilər, səlcuqlar və monqolların dövründə Azərbaycana böyük türk köçləri gerçəkləşib və Azərbaycan tamamən türkləşibdir.

Böyük Şah Abbas Səfəvinin Urmu vilayətinin hökümdarlığını Qızılbaşların güclü eli olan Əfşar tayfasına verməsi ilə (1625) Urmu vilayəti qəti şəkildə bir türk yurdu halı almışdır. Bütün bu dövrlərdə bölgədə var olan, kürdlər, ermənilər və asurilər kimi azlıqlar da bəzən münasibətləri gərgin olsa da, əksər hallarda türklərlə birgə yaşayıb və qarşılıqlı əlaqədə olublar.

Urmu şəhəri bugünkü halını Əfşarlar dövründə almışdır və bu gün şəhərin hər bucağında Əfşar bəylərbəyiləri və xanlarının izləri var.

Urmu əfşarlarında Azərbaycan-türk kimliyi hər zaman ön plana çıxıb. Onlar ən azı üç dövrdə Azərbaycanda bir növ milli suverenliyi bərqərar etməyə çalışıblar və bu yolla da müəyyən uğurlar qazanıblar”.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.