Son yeniləmə: 5 Yanvar 2022 12:54
Bayraqdar.info – AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda öküz (və ya qaban) başı formasında olan riton tipli qab qorunur.
Bu barədə bayraqdar.info-ya Muzeydən xəbər verilib. Xəbərdə deyilir ki, qabın saxsısı qırmızımtıl rəngdə, gövdəsi ovalvaridir. Qabın ön hissəsinin ortasında mayenin axması üçün dəlik açılıb, yuxarısında isə çıxıntılar şəklində gözlər, qulaqlar və buynuzlar düzəldilib. Boğazlı ağzı və qulpları var. Hündürlüyü 17,5 sm, ağız diametri 5,6 sm, oturacaq diametri 3,5 sm olan bu ritonun səthi başdan-başa basma nöqtələrlə naxışlanıb. Əhalinin dünyagörüşünü kifayət qədər dəqiq əks etdirə bilən bu cür qabların xüsusi mərasimlərdə istifadə edildiyini güman etmək olar.
“Qeyd edək ki, ölkənin ərazisində aparılmış arxeoloji qazıntılar zamanı antik dövrün maddi-mənəvi mədəniyyət nümunələri aşkar edilib. Bu nümunələrin tədqiqi yerli sənətkar dulusçuların istehsal etdikləri çoxlu məişət, ibadət əşyaları və sənətkarlıq məmulatı arasında müxtəlif formalı, zəngin və rəngarəng bədii keramikanın (kuzə, güldan, bardaq, piyalə və s.) üstünlük təşkil etdiyini göstərir.
“Arxeoloqların Qəbələ, İsmayıllı, Şamaxı, Lerik, Mingəçevir və başqa yerlərdə aparılan qazıntılar nəticəsində aşkar etdikləri saxsı məmulatı bu sənət sahəsinin bədii və texnoloji xüsusiyyətləri ilə yanaşı, dövrün insanlarının bədii estetik zövqü və mənəvi dünyası haqqında da müəyyən təsəvvür yaratmaq imkanı verir. Mücərrəd ornamentlə bəzədilmiş bu tip qablara xüsusi düzəlmiş qulp, qapaq, ayaqcıqlar və ya başqa lazımlı elementlər əlavə etməklə və ya qabın özünü müəyyən heyvan fiquruna bənzətməklə usta çox maraqlı görkəmə malik bədii keramika nümunəsi yarada bilirdi”, – deyə xəbərdə qeyd edilir.