Son yeniləmə: 4 Yanvar 2022 22:15
Bayraqdar.info – Türkiyənin təhlükəsizlik qüvvələri terrorçulara qarşı mübarizəni uğurla davam etdirir. Bu baxımdan 2021-ci ildə də mühüm addımlar atılıb.
Türkiyə daxili işlər nazirinin müavini və Nazirliyin sözçüsü İsmail Çataklı deyib ki, 2021-ci ildə qardaş ölkənin təhlükəsizlik qüvvələri tərəfindən keçirilən əməliyyatlar nəticəsində 1140 terrorçu zərərsizləşdirilib. Onlardan 84-ü terror təşkilatlarının rəhbərləridir.
Yanavarın 4-də Nazirliyin konfrans salonunda keçirilən mətbuat konfransında ötən ilin yekunlarına nəzər salan nazir müavini bir sıra rəqəmlər də ifadə edib. Qeyd edilib ki, 2021-ci ildə dağlıq ərazilərdə, kənd və şəhərlərdə terror təşkilatlarına qarşı ümumilikdə 143 min 321 əməliyyat keçirilib: “Bu əməliyyatlar zamanı 1140 terrorçu zərərsizləşdirilib. Onların əksəriyyəti axtarışda olan terrorçulardır”.
İ.Çataklı onu da deyib ki, ötən il ərzində Türkiyədə narkotik vasitələrin satışında şübhəli bilinən 293 min 905 nəfər saxlanılıb: “Bu müddətdə 162 min 996 qeyri-qanuni miqrant saxlanılıb. Onlara kömək göstərməkdə təqsirləndirilən 7918 nəfər həbs edilib”.
Təkcə ötən il Düzce, Rize, Artvin, Kastamonu, Sinop və Bartındakı sel fəlakətlərində 16 min 490 personal və 6 min 48 nəqliyyat vasitəsinin iştirak etdiyini ifadə edən İ.Çataklı daha sonra deyib: “Meşə yanğınlarına isə 22 min 619 personal, 7 min nəfərlə müdaxilə edib. 935 avtomobil və tikinti texnikası bu prosesə cəlb edilib”.