Bayraqdar.info – 2021-ci ilin sentyabr ayından icra olunan layihələr üzrə yaradılmış günərzi qayğı mərkəzlərinə 700-dən çox uşaq cəlb olunub. Bu layihələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sifarişi ilə icra edilir.
Bu barədə bayraqdar.info-ya yanvarın 3-də ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, layihələr uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, həssas qruplardan olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi daşıyır.
Günərzi mərkəzlər 24 şəhər və rayonda (Gəncə, Mingəçevir, Naftalan, Şirvan şəhərləri, Abşeron, Qəbələ, Neftçala, Göygöl, Saatlı, Samux, Hacıqabul, Qusar, Quba, Xaçmaz, Oğuz, Şəki, Göyçay, İsmayıllı, Daşkəsən, Biləsuvar, Cəlilabad, Bərdə, Ağstafa və Bakının Nizami rayonları) qurulub.
Həmin mərkəzlərdə 3-12 yaş arası uşaqlara sosial psixoloji, nevroloji, pedaqoji və digər xidmətlər, habelə ailələrinə hüquqi məsləhət xidmətləri göstərilib.