Press "Enter" to skip to content

Vətən müharibəsi qazilərinin bir qrupunun Türkiyəyə səfəri başlayıb

Son yeniləmə: 15 May 2022 14:28

Bayraqdar.info – “Türkiye Muharip Gaziler Derneyinin dəvəti ilə Vətən müharibəsi qazilərinin bir qrupunun qardaş ölkəyə səfəri başlayıb”.

Bu barədə bayraqdar.info-ya özəl olaraq “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli məlumat verib.

Onun sözlərinə görə, 3 yanvar Mersinin və 5 yanvar Adanın qurtuluşunun 100 illiyi münasibətilə həmin şəhərlərdə böyük törənlər olacaq: “Azərbaycan qaziləri həmin törənlərdə iştirak edəcək. Sonra Ankarada həm rəsmi şəxslər, həm də hərbi yönümlü təşkilatların təmsilçiləri ilə görüşlər olacaq. Səfər çərçivəsində İstanbulda da bir sıra görüşlər keçiriləcək”.

E.Həsənli deyib ki, səfər Gənclər və İdman Nazirliyinin dəstəyi, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatcılığı ilə həyata keçirilir. Heyətin tərkibinə Vətən müharibəsində yüksək orden və medallara layiq görülmüş qazilər, xüsusi təyinatlı hissələrin tərkibində döyüşlərdə iştirak etmiş hərbçilər daxildi.

Vurğulanıb ki, səfərin əsas məqsədi iki qardaş ölkənin qaziləri, müharibə iştirakçıları, hərbi yönümlü qeyri-hökumət təşkilatları arasındakı əlaqələrin daha da genişlənməsinə yardım etməkdir: “Bu cür səfərlər Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsindən güc alaraq həyata keçirilir. Eyni zamanda cənab Prezident İlham Əliyevin hər zaman şəhid alilələrinə, müharibə veteranlarına yüksək diqqət və qayğı göstərdiyini əldə rəhbər tutaraq, biz də bu istiqamətdə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq. Bu səfərin mənəvi və psixoloji önəmi həddindən artıq yüksəkdir. Çünki vaxtı ilə Qurtuluş Savaşında, o cümlədən Mersinin və Adananın düşmən işğalından azad edilməsində azərbaycanlılar da türk qardaşlarımızla çiyin-çiyinə vuruşublar. Eyni zamanda ondan sonra zaman-zaman Azərbaycan Türkiyəyə, Türkiyə də Azərbaycana dəstək olub. Vətən müharibəsinin ilk günündən sonuna qədər də başda Cümhurbaşqanı Recep Tayyip Erdoğan olmaqla Türkiyə Azərbaycanın yanında oldu, ölkəmizə mənəvi və siyasi dəstək göstərdi. Bir sözlə, Azərbaycan-Türkiyə qardaşlığı əbədidir”.

Mission News Theme by Compete Themes.