Press "Enter" to skip to content

Eskişehirdə türk dünyası ilə bağlı silsilə tədbirlər keçiriləcək

Oral Büyüksarı

Oral Büyüksarı: Damarında türk qanı axan hər bir kəs bu müqəddəs işdə fəal olmalıdır

Bayraqdar.info – “Ötən il türk dünyasının daha da sıx birləşməsi, daha dərin inteqrasiyası üçün mühüm addım atıldı. Noyabrın 12-də Türk Dövlətləri Təşkilatı yarandı. Hesab edirəm ki, bu təşkilat biz türklərin ulularımızın da uzun əsrlər boyu arzu etdikləri Turan arzusuna qovuşmamız üçün bir körpü olacaq”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Eskişehirin tanınmış ziyalılarından biri, dünyada ilk Çingiz Aytmatov muzeyinin yaradıcısı Oral Büyüksarı deyib.

Bizlər, türk dünyası sevdalıları da fəal olmalıyıq

Onun sözlərinə görə, dövlət rəhbərləri türk dünyasının daha sıx birliyi üçün lazım olan addımları atır: “Lakin istənilən iş həm də o zaman uğur qazanır ki, ona sadə insanlar, ictimaiyyət nümayəndələri, elm, sənət adamları da dəstək olsun. Bu baxımdan bizlər, türk dünyası sevdalıları da fəal olmalıyıq. Hesab edirəm ki, biz hər birimiz fərd olaraq, yaxud da qeyri-hökumət təşkilatları olaraq bu istiqamətdə atılan addımlara dəstək üçün hərəkətə keçməliyik. Yəni, türk dünyasına xidmət etmək, türk dünyasında inteqrasiyanın daha da dərinləşməsi istiqamətində atılan addımlara dəstək vermək hər birimizin mənəvi borcudur. Damarında türk qanı axan hər bir kəs bu müqəddəs işdə fəal olmalıdır”.

Osmanlının quruluş ildönümü ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Müsahibimiz qeyd edib ki, məhz bundan yola çıxaraq 2022-ci ildə Eskişehir ziyalıları, türk sevdalıları olaraq bır sıra tədbirlərin keçirilməsini planlaşdırırlar: “Bu sırada ilk olaraq Eskişehir Osmangazi Universiteti ilə birlikdə geniş bir tədbir keçirməyi düşünürük. Bildiyiniz kimi Eskişehir Osmanlının qurulduğu bir şəhər, 1297-ci ildə Osman bəyin adına xütbənin oxunduğu yerdir. Hər il bu tarixi hadisənin növbəti ildönümünü qeyd edirik. Bu silsilədən Eskişehir Osmangazi Universiteti ilə birgə keçirməyi planlaşdırdığımız və Osmanlı dövlətinin yaranmasının növbəti ildöümünə həsr ediləcək həmin tədbiri 27-30 yanvar tarixləri arasında reallaşdırmağı nəzərdə tuturuq. Həmin tarixdə “Türk dünyasının problemləri və həlli yolları” adlı beynəlxalq konfransın keçirilməsini də planlaşdırırıq”.

Eskişehirdə Novruz şöləni olacaq

Bundan başqa Novruz bayramında Eskişehirdə böyük və coşqulu bir türk şöləni təşkil etmək niyyətindəyik: “Eskişehirdəki universitetlərdə təhsil alan türk dövlətlərindən olan gənclərin, o cümlədən şəhərimizdəki türk dövlətlərinin diaspor təmsilçilərinin qatılacağı Novruz şöləni qədim adət-ənənələrə uyğun keçiriləcək. Qonaqlarımızı türk çadırlarında qarşılayıb, onlara gözəl bayram yaşadacağıq”.

Azərbaycanla bağlı arzumuzu reallaşdıracayıq

O.Büyüksarı deyib ki, əsas arzu və hədəflərindən biri də Azərbaycanla bağlıdır: “Bayraqdar.info-ya öncəki açıqlamalarımın birində qeyd etdiyim kimi Azərbaycandakı qardaşlarımızla daha sıx əlaqələr qurmaq üçün bir layihəmiz var. Belə ki, buradan Bakıya, Bakıdan da Eskişehirə tərkibində müəllim, tələbə, həmçinin müxtəlif təbəqələrdən olan insanların, o cümlədən jurnalistlərin olduğu heyət göndərmək istəyirik. Pandemiya səbəbindən keçən il bunu edə bilmədik. İnşallah, 2022-ci ildə bu səfəri gerçəkləşdirmək niyyətindəyik. Həmin vaxt Bakıda Eskişehirlilər gününü qeyd edəcəyik. Dediyim kimi, eyni zamanda həmin tərkibdə bir heyəti də Azərbaycandan qəbul etmək istəyirik”.

“Eskişehir həm də Bakının bir qardaşıdır”

 

Mission News Theme by Compete Themes.