Press "Enter" to skip to content

Qırğızıstan Prezidentindən Azərbaycanlıya yüksək etimad

Hökumə Xəlilova

Bayraqdar.info – Qardaş Qırğızıstanda yaşayan və burada media fəaliyyəti ilə məşğul olan Azərbaycanlı Hökumə Xəlilova 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində yüksək etimada layiq görülüb.

Bu haqda xəbəri bayraqdar.info-ya H.Xəlilovanın başçılıq etdiyi, Bişkek və Almatı mərkəzli TÜRKEL Yayın Qurumundan dekabrın 31-də Ramiz Məşədihəsənli verib.

Hökumə Xəlilova Prezident Sadır Caparovla (ortada)

Xəbərdə deyilir ki, Qırğızıstan Prezidenti Sadır Caparov H.Xəlilovanı “ölkənin sosial-iqtisadi, intellektual və mədəni potensialının inkişafına verdiyi mühüm töhfəyə, habelə peşəkar fəaliyyətində böyük uğurlara görə “Qırğız Respublikasının Əməkdar mədəniyyət xadimi” Fəxri adına layiq görüb”.

Xatırladaq ki, Bişkek və Almatı Mərkəzli TÜRKEL Yayın Qurumu 20 ilə yaxındır ki, “Golden Bridge News” Xəbər Agentliyi, “Altın Köprü” jurnalı, TÜRKEL qəzeti və bir neçə xəbər portalını özündə birləşdirir. Qurum Qırğızıstanın “Piramida” TV dövlət, Türkiyənin “Tek Rumeli” TV kanallarında “Dostluq körpüsü” televiziya proqramları layihəsi ilə efirə çıxır.

H.Xəlilova eyni zamanda Beynəlxalq TÜRKSOY təşkilatının laureatıdır və Qazaxıstan, Türkiyə və Qırğızıstanın dövlət və hökuməti tərəfindən orden, medal, fəxri fərmanlarla təltif olunub.

Bayraqdar.info olaraq H.Xəlilovanı təbrik etməklə yanaşı çox təəssüflə bildirmək istərdik ki, o və uzun illərdir onunla birlikdə Orta Asiyada Azərbaycanın haqq davasının səsi olaraq durmadan çalışan R.Məşədihəsənli Azərbaycanın müvafiq qurumları tərəfindən görməzlikdən gəlinir. Ümid etmək istərdik ki, onlara Qırğızıstan, Qazaxıstan və Türkiyə dövlətləri kimi doğma Azərbaycan da diqqət göstərəcək.

Mission News Theme by Compete Themes.