Press "Enter" to skip to content

Qərbi Azərbaycan İcmasının bayram tədbiri

Son yeniləmə: 31 Dekabr 2021 11:00

Bayraqdar.info – Qərbi Azərbaycan İcması Gənclər Təşkilatının, İcmanın Ankara təmsilçiliyinin və Azərbaycan Texnologiya Universitetinin təşəbbüsü ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş videoformatda tədbir keçirilib.

Bu barədə bayraqdar.info-ya Qərbi Azərbaycan İcmasından məlumat verilib.

Bildirilib ki, tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcması Gənclər Təşkilatının sədri Namiq Muradov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərlinin adından tədbir iştirakçılarını təbrik edib. O,qeyd edib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olmaqla, 31 dekabr Azərbaycan xalqının, dünyanın ayrı-ayrı ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının həmrəylik tarixidir.

Qərbi Azərbaycan İcmasının sədr müavini Mirfaiq Mirheydərli xalqımızın müstəqillik və həmrəylik uğrunda keçdiyi şərəfli mübarizə yolundan, Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi 1991-ci il dekabrın 16-da 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması ilə bağlı imzaladığı qərarın tarixi əhəmiyyətindən danışıb. O, qeyd edib ki, hər bir azərbaycanlının hazırda ən ümdə borcu müzəffər Ali Baş Komandan İlham Əliyevə dəstək olmaqdır.

Qərbi Azərbaycan İcmasının Ankara təmsilçiliyinin mətbuat xidmətinin rəhbəri Dr.Oktay Hacımusalı tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Ulu öndər Heydər Əliyev hakimiyyətə gəlişi ilə bütün qüvvəsini Vətənimizi üzləşdiyi bəlalardan, xalqımızı çətin günlərdən xilas etməyə yönəldib: “Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin bütün ideyalarını həyata keçirməklə dünyada yaşayan azərbaycanlılara hər zaman dəstəyini nümayiş etdirir. Bu gün dünya xəritəsində zəfər qazanan bir Azərbaycan var və hər zaman da var olacaq”.

Daha sonra çıxış edən Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi fakültəsinin dekanı Mərdan Tağıyev bildirib ki, Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin nəticəsidir ki, həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımız bu bayramı iftixar və qürur hissi ilə keçirirlər.

Natiq onu da vurğulayıb ki, eyni zamanda 30 dekabr tarixinin Gəncə və gəncəlilər üçün xüsusi önəmi var. Belə ki, 1989-cu ilin məhz bu günü Azərbaycan xalqının tarixində önəmli yeri olan, günü-gündən gözəlləşən ulu Gəncənin əzəli və əbədi adı özünə qaytarılıb.

Mission News Theme by Compete Themes.