Son yeniləmə: 30 Dekabr 2021 16:29
Bayraqdar.info – Təhsil Nazirliyi SABAH qrupları və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə “SABAH” VI Tələbə Debat Forumu keçirilib.
Təhsil Nazirliyindən bayraqdr.info-ya verilən xəbərdə bildirilir ki, tədbirdə “SABAH” qrupları layihəsi və VCD İB-nin rəhbərliyi, Milli Debat Proqramının nümayəndələri və SABAH tələbələri iştirak edib.
“Forumun əsas məqsədi “SABAH” tələbələrinin müxtəlif debat mövzuları üzrə biliklərinin artırılması, natiqlik, sərbəst tədqiqat və təqdimat bacarıqlarının inkişafı, tədrisdənkənar fəaliyyətlərinin səmərəliliyinin təmini, onlarda intellektual oyunlara və ünsiyyətin genişlənməsinə maraq yaradılmasıdır.
“Forumda müzakirələr “Dövlətlərin qlobal su böhranının həlli istiqamətində atdığı addımlar özünü doğruldur” mövzusu ətrafında aparılıb. Forumun qrup və “play-off” mərhələsində ümumilikdə 7 universiteti təmsil edən 20 komanda iştirak edib. Debat raundlarından uğurla keçən “Xarı bülbül” (İsmət Qəribov, Fatimə Şirinova, Azər Həndəmov) və “Justice League” (Kübra Həşimova, Cahan İsmayılova, Selcan Mehdizadə) komandaları finala vəsiqə qazanıblar. Tələbələrdən Ülvi Məlikzadə, Fatimə Şirinova, Ləman Sultanlı, İsmət Qəribov, Şəhla Çələbiyeva, Kübra Həşimova, Rəhim Abbasov, Sənubər Hüseynli, Azər Həndəmov, Selcan Mehdizadə “Forumun ən yaxşı natiqləri” adına layiq görülüblər.
“Forumun bu ilki qalibi Bakı Dövlət Universitetinin SABAH qruplarının tələbələrindən ibarət “Justice League” komandası, ən yaxşı 1-ci natiqi isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının SABAH tələbəsi Ülvi Məlikzadə olub.
“Qeyd edək ki, “SABAH” qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə dövlət ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Layihənin məqsədi ali təhsil sistemində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması və qlobal kadr bazarının tələblərinə cavab verən savadlı və peşəkar mütəxəssislərin yetişdirilməsidir.
“VCD İB yerli və beynəlxalq biznes strukturları, dövlət qurumları, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Onun Milli Debat Proqramının məqsədi gənclərin maariflənməsi və intellektual gənclər şəbəkəsinin yaradılmasıdır. Proqram respublikanın 45 rayonunu və bütün böyük şəhərləri əhatə etməklə, 13 regional debat mərkəzini, ali və orta təhsil müəssisələrində yaradılmış debat klublarını özündə birləşdirir”, – deyə xəbərdə bildirlir.