Son yeniləmə: 30 Dekabr 2021 08:43
Bayraqdar.info – Perunun rəsmi dövlət qəzeti “El Peruano”da dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə məqalə dərc olunub. Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun müəllifi olduğu “Nizami Gəncəvi: bəşəriyyətin ədəbi zənginliyi” başlıqlı məqalə N.Gəncəvinin həyat yolu və yaradıcılığı haqda məlumat verilir.
Səfirlikdən bayraqdar.info-ya dekabrın 30-da verilən məlumata görə yazıda eyni zamanda dahi şairin yaratdığı müstəsna ədəbiyyat nümunələri ilə Şərq intibahının ən görkəmli nümayəndəsi kimi yadda qaldığı bildirilib. Nizami Gəncəvinin özündən sonra çoxəsrlik zəngin bədii miras qoyduğu haqda danışılıb.
Məqalədə şairin poeziya və fəlsəfəni tarix və əfsanələrlə birlikdə istifadə edərək yaratdığı nadir sənət incisi olan “Xəmsə”sindən bəhs edilib. Bu xüsusda beşliyə daxil olan əsərlərdə Nizaminin özünün azərbaycanlı soykökünü daim qeyd etməklə yanaşı beynəlxalq mövzulara geniş şəkildə yer verdiyi,dərin mənəvi duyğular və bəşəriyyət haqda fəlsəfi fikirlərlə zəngin olan unudulmaz poeziya nümunələri yaratdığı söylənilib.
Məqalədə, həmçinin N.Gəncəvinin ədəbiyyatdakı təsir gücünün ölkə hüdudlarını aşaraq İran, Türkiyə, Hindistan və Mərkəzi Asiyaya qədər yayıldığı, öz universal mövzuları və ədəbi innovasiyaları ilə bu bölgələrin ədəbi-bədii mühitinə önəmli təsir göstərdiyi bildirilib.
Sonra dahi şairin əsərlərinin dünyanın bir çox dillərinə tərcümə edildiyi, əlyazmalarının nadir surətlərinin dünyanın aparıcı kitabxana və muzeylərində qorunub saxlanıldığı, habelə Nizami yaradıcılığının poeziya ilə yanaşı dünya teatr və kino sənətinin, eləcə də miniatür rəsm sənətinin inkişafına önəmli töhfələr verdiyi qeyd ounub.
Sonda bu il N.Gəncəvinin anadan olmasının 880 illiyinintamam olduğu və bu münasibətlə 2021-ci ilin ölkəmizdə “Nizami ili” kimi qeyd olunduğu deyilib.