Son yeniləmə: 30 Dekabr 2021 08:43
Bayraqdar.info – Azərbaycanın Meksikadakı səfirliyində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə mərasim keçirilib.
Səfirlikdən bayraqdar.info-ya dekabrın 30-da verilən məlumata görə, tədbir Meksikada yaşayan soydaşlarımızın iştirakı ilə keçirilib. Tədbirdə çıxış edən səfir Məmməd Talıbov ötən il Azərbaycanın Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi qələbəyə imza ataraq öz ərazi bütövlüyünü bərpa etdiyini və xalqımızın sarsılmaz həmrəyliyinin bu müqəddəs amala nail olunmasında müstəsna rol oynadığını bildirib.
M.Talıbov, həmçinin soydaşlarımıza başa çatmaqda olan il ərzində işğaldan azad olunmuş ərazilərimizdə görülmüş və hazırda böyük sürətlədavam edən quruculuq işləri və bölgənin ümumi inkişafı istiqamətində Azərbaycan tərəfindən aparılan fəaliyyət barədə məlumat verib. Səfir sonda iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.
Xatırladaq ki, Meksikanın fərqli ştatlarında yaşayan həmvətənlərimizin bir araya toplaşması baxımından faydalı olmuş tədbirdə qonaqlara milli mətbəximizdən nümunələr təqdim olunub.