Press "Enter" to skip to content

Türk dünyasının inteqrasiyasına xidmət edən daha bir addım

Son yeniləmə: 29 Dekabr 2021 16:38

Bayraqdar.info – Son vaxtlar türk dünyasının inteqrasiyası istiqamətində müxtəlif addımlar atılır. Bu istiqamətdə daha bir addım Türk Dünyası Parlamenterler Vakfı tərəfindən atılıb.

Belə ki, bu qurum tərəfindən Uluslararası Ahilik ve Ahi Evran Yarışmalarının (Beynəlxalq Ahilik və Ahi Evran müsabiqələri) keçirilməsinə qərar verilib.

Bu barədə bayraqdar.info-ya özəl olaraq təşkilatçılar tərəfindən məlumat verilib.

Bildirilib ki, beynəlxalq müsabiqədə təhsilin bütün pillələrinin təmsilçiləri iştirak edə bilər.

Məlumatda o da bildirilib ki, “Ahilik Ahi Evran-ı Vəli tərəfindən XIII əsrdə Anadoluda qurulan istehsalda zəhmətsevərliyi və standartlaşdırmanı, istehlakda qonşunun qayğısına qalmaq və israfçılıqdan çəkinməyi, bölgüdə ədaləti, tolerantlığı öz prinsipləri kimi qəbul edən və bütün bu prinsipləri iqtisadi həyatla inteqrasiya edən sosial-iqtisadi qurumdur. Ahilik həyat fəlsəfəsi Anadolu tarixinin və sivilizasiyasının bütün bəşəriyyətə miras qoyduğu ən mühüm dəyərlərdən biridir. Ahilik fəlsəfəsinin mərkəzində insan dayanır. Burada fərd və cəmiyyət anlayışı bir-birini tamamlayır. Cəmiyyətin bütün təbəqələri arasında birləşdirici rol oynayan bu təşkilat ayrı-ayrı insanların xoşbəxtliyi ilə cəmiyyətdə əmin-amanlığı, səadəti təmin edir”.

Qeyd edilir ki, türk dünyasının ortaq tarixində mühüm yeri olan Ahilik təəssüf ki, yetərincə təbliğ edilməmiş, onun yaratdığı və yaşatdığı ümumbəşəri dəyərlər bu gün unudulmaq ərəfəsindədir: “Halbuki Ahilik türk dünyasının iqtisadi, sosial və mədəni birliyini və həmrəyliyini təmin edəcək ən mühüm təməl daşlarından biridir. Bu kontekstdə xüsusilə uşaqların və gənclərin Ahilik təşkilatı və onun qurucusu Ahi Evran haqqında məlumat sahibi olması böyük əhəmiyyət kəsb edir”.

Beləliklə, bu müsabiqələrin məqsədi Ahilik və Ahi Evranın təbliğinə, anlaşılmasına töhfə vermək, yaşatdıqları ümumbəşəri dəyərləri xatırlatmaq və bu dəyərlərin günümüzdəki dünyasına işıq salmaqdır. Bu çərçivədə 5 fərqli yaş və məktəb qrupu üçün 8 kateqoriyada (şeir, rəsm, nağıllar/hekayələr, esselər, məqalələr, ssenarilər, qısametrajlı filmlər və Ahi Baba cizgi filmləri) müsabiqə keçiriləcək.

Müsabiqələrə Türkiyə ilə yanaşı Azərbaycan, Bosniya və Herseqovina, İran, Qazaxıstan, Qırğızıstan, Kuzey Kıbrıs Türk Cümhuriyyəti, Quzey Makedoniya, Kosovo, Özbəkistan, Rumıniya və Türkmənistandan müxtəlif yaş qruplarından insanlar qatıla bilər. Yarışmanın dili türkcədir.

Müsabiqəyə qatılmaq üçün son tarix 2022-ci il aprelin 15-dir.

Bütün yarışlar üçün qiymətləndirmə prosesinin iyunun sonunadək başa çatdırılması və nəticələrin açıqlanması planlaşdırılır.

Layihə və müsabiqələr haqqında ətraflı məlumatı qurumun saytından əldə etmək olar.

Mission News Theme by Compete Themes.